Xəbər lenti

"Rəvan"dan pul məsələsinə reaksiya: "Bu, sübut olunsa, məşqçinin gözünü çıxardaram"
İdman13:23 26.03.2016

"Rəvan"dan pul məsələsinə reaksiya: "Bu, sübut olunsa, məşqçinin gözünü çıxardaram"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Qaynar.info saytında Bakının "Rəvan" klubunda baş verən olayla bağlı yazı dərc edilmişdi. Belə ki, etibarlı mənbəmizdən verilən məlumata əsasən, "Rəvan"ın 17 yaşadək komandasının (U-17) baş məşqçisi Adil Qasımovun futbolçulardan qanunsuz olaraq ayda 20-30 manat pul topladığını xəbər vermişdik.

Artıq bu xəbər dərc olunan gün qarşı tərəfdə ciddi reaksiya formalaşıb... Və "Rəvan" tərəfi bu məsələ ilə bağlı fikirlərini bildirmək istədiyini ifadə edib.

Bunun üçün "Rəvan"ın Futbol Akademiyasının direktoru Zamin Əsədullayevlə əlaqə saxladıq. Qadınlardan ibarət U-17 millimizin sabiq məşqçisi, Yunis Hüseynovun ilk təyinatı zamanı "Xəzər Lənkəran"da onun köməkçilərindən olmuş Əsədullayev artıq Adil Qasımovla bu məsələ barədə görüşdüklərini bildirdi:

"Dünən xəbəri oxuduqdan sonra baş məşqçini çağırmaq qərarına gəldim ki, görüm bu nə məsələdir? Bu gün səhər baş məşqçi ilə də, həmin komandanın kapitanı ilə də görüşdüm. Onların heç biri komandada pul məsələsi olduğunı boynuna almadı. Sonra vitse-prezidentimiz İlqar Axundovla görüşdüm. Bu məsələni necə üzə çıxaracağımız barədə danışdıq. Dünən məşqçinin özü də sizdə gedən xəbəri oxuyub və əsəbləşib. Amma həyatdır da. Hamıya inanmaq olmur. Əgər belə bir şey olsa da belə, məşqçi özünü müdafiə edəcək. Amma bizim əlimizdə əsas da yoxdur ki, onu günahlandıraq. Əgər sizdə belə bir fakt varsa, bu məlumatı kim deyibsə, həmin adam gəlib birbaşa mənə, klub rəhbərliyinə desin ki, məşqçi barədə tədbir görək.

Bizdə Akademiyada yanvardan bu yana maaş yoxdur. Devalvasiya oldu, çətinliklərimiz yarandı. Üstəlik, AFFA-dan, "CBC Sport"dan söz verilən pul kluba verilmədi. Nəticədə klub qərara aldı ki, büdcə kəsilsin və məşqçilərə maaş verilməsin. Belə çıxdı ki, aşağı yaş qrupları üzrə komandalar bağlanacaq. Mən də bunun olmaması üçün belə bir addım atmağa başladım: Gənc, işləmək istəyən məşqçiləri kluba dəvət etdim və onlara dedim ki, sizə komanda veririk, ancaq maaş almayacaqsınız. Əvəzində sizə məşqçilik kateqoriyası almaqda köməklik edərik. Maydan sonra klubun vəziyyətinin necə olacağı bilinərsə, özünüzü göstərəcəyiniz halda, komandada qalıb maaşla işləyərsiniz. Rəhbərlik də bu addımımızı qəbul etdi.

U-17 komandamızın əvvəlki baş məşqçisi Eldəniz Rzayev isə pula görə klubdan ayrılmayıb. O, məşqçilərin maaşı kəsilməmişdən öncə komandadan gedib. Həmin məşqçi eyni zamanda "Təhsil" futbol məktəbində də işləyirdi, dedi ki, mənə 2 yerdə çalışmaq uyğun gəlmir. Ona görə də dövlətin komandası olan "Təhsil"i seçdi və bizdən ayrıldı. Bu yer boşalan kimi mən Adil Qasımovu dəvət etdim. Adili mən "Vətən" futbol məktəbindən tanıyıram (müsahibimiz əvvəllər "Vətən"də məşqçi işləyib - red.). O, 1989 və ya 1990 təvəllüdlü olmalıdır. Subaydır, ona görə də maaş ona çox da lazım deyil. Adil isə respublika çempionatında oynayacağımız üçün bizdə işləməyə qərar verdi. Bir də vitse-prezident belə bir söhbət edib ki, hansı məşqçi istəyirsə, pullu qrup yığsın və burdan həm stadionun icarə haqqını ödəsin, həm də özü dolansın. Ancaq burda söhbət "Rəvan" Akademiyasının uşağı olmayan futbolçulardan, yəni həvəskarlardan gedir. Adil də belə bir qrup yığa bilmədi. O bizdə ayyarımdır ki, işləyir. Dünən Ukraynadan gəlib. 2 həftə orda olub, stajirovkaya getmişdi, məşqçilik üçün "C" kateqoriyasını alıb, indi sənədlərini "B"-ni almaq üçün verib. Öz üzərində işləyən biri kimi onu tanıyıram. Amma dünənki yazı mənim onun haqda fikirlərimi bir az qarışdırıb. Rəhbərlik də Akademiyadan məsul şəxs kimi məndən bu hərəkətə cavab istəyir. Mən də istəmərəm ki, gətirdiyim adam belə bir iş görsün. Bizdə akademiyanın divarlarında yazılıb ki, burda məşqlər pulsuzdur. Akademiyanın girişində, paltardəyişmə otağında bu sözlər yazılıb. Yaxşı olardı ki, sizə bu xəbəri verən valideyn birbaşa mənim özümə müraciət edərdi. Mən də məşqçinin basıb gözünü çıxardaram ki, xeyir ola, sən camaatdan pul alırsan. Bir daha deyirəm, əgər kimdənsə pul alınıbsa, bizə müraciət etsinlər, tədbirimizi görək".

Qaynar.info