
Olimpiya idman növlərinə daxil olan həndbolda da vəziyyət get-gedə pisləşir.
Qaynarinfo.Az Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandamızın və ABU klubunun baş məşqçisi Rəfiqə Şabanova ilə bu mövzu haqda danışıb. 1976-cı ildə Kanadanın Monreal şəhərində SSRİ millisi ilə Olimpiya çempionu olmuş 72 yaşlı mütəxəssis hansı problemlərlə üzləşdiklərini qeyd edib.
- Gələn il Bakıda ilk dəfə İslam Oyunları keçiriləcək. Bu yöndə nə işlər gedir?
- Elə bir plan qurulmayıb. Baxaq, görək də. Bizim işimiz məşq etməkdir. Nə qədər çox oyun olsa, bir o qədər yaxşıdır. Bizdə Bakıda oyun keçirmək üçün çox komanda da yoxdur.
- ABU-dan başqa, Bakıda komanda qalmayıb? Bəs "Qaradağ-Sement"?
- Onlarla oyun keçirmişik. Orda gənc qızlar oynayır. Lyudmila Şubinanın komandasıdır. Ancaq bizim səviyyədə deyillər. Bu üzdən də oyun keçirmək üçün yaxınlarda Ukraynaya - Xersona getmişdik. Noyabrda isə Kiyevə getməliyik. Orda turnir keçirilməlidir, bizə dəvət göndəriblər. Açığı, mən ora getmək istəmirəm. Kiyevdəki siyasi vəziyyətə görə getməyə tərəddüd edirəm. Üstəlik, səfərə avtobusla yola düşməliyik. Biz isə təyyarə ilə getmək istəyirdik. Ancaq yaxşı ki hələ bu səfərə görə bizə pul verilir. Bakıda qalıb oynamamaqdansa, belə yaxşıdır.
- Azərbaycan çempionatında 4-5 komanda mübarizə aparacaq?
- Mən 5-ci komandanın hansı olduğunu bilmirəm (gülür). Bizdən başqa, hamısı gənclərdən qurulmuş komandalardır. Necə olacaq, bilinmir?!
- Noyabrın 12-13-də ABU "Çelenc Kap"da Belçikanın "Femina" (Vize) klubu ilə Bakıda oynayacaq. Rəqibin oyunlarını izləmisinizmi?
- Baxmamışam. Çoxdandır ki, onların oyunlarını görməmişəm.
- Sizin komandada legioner var?
- Kostya (köməkçisi Konstantin Ruvinskini nəzərdə tutur - red.) Rusiyadan həndbolçular gətirib. Ancaq onlar da elə güclü qızlar deyil. Baxaq, görək necə olacaq?!
- İslam Oyunlarında qadınlardan başqa, kişilər üzrə də millimiz mübarizə aparacaq?
- Bəli.
- Axı, kişi komandamız yoxdur. Bu məsələ necə olacaq?
- Var. Artıq heyət yığılır.
- Sizin federasiyada hesabat-seçki konfransı olmur?
- Olmalıdır. Gözləyirik.
- Federasiyanın prezidenti Heydər Babayevin işləri qaydasında getmir. Ona məxsus "Bank Standard" oktyabrın 1-dən bağlandı. Prezident postunda Babayevi əvəzləyə biləcək başqa namizəd var?
- İndi heç bir federasiyaya pul ayırmaq istəyən yoxdur. Bizim federasiyada da eyni cürdür. Gərək ancaq ölkə başçısı zorla kimisə bu posta təyin etsin. Başqa cür mümkün deyil.
- Sonuncu dəfə Heydər Babayevi nə vaxt görmüsünüz?
- ... (susur)
Qaynarinfo.Az