
Şahmat Bəstəçiliyi üzrə yığmamızın baş məşqçisi İlham Əliyevin 2 gün əvvəl saytımızda gedən fikirləri ilə tanışsınız. O, Bakıdakı Şahmat Olimpiadasına həsr olunmuş bəstəçiliyin tərtib üzrə növündə qalib olmuş Kənan Vəlixanovun ittihamlarına cavab vermişdi.
Qaynarinfo.Az xəbər verir ki, bu dəfə Vəlixanov sport7.az saytının redaksiyası ilə əlaqə saxlayaraq bəzi məsələlərə aydınlıq gətirməyə çalışıb. Ancaq o bununla kifayətlənməyərək İlham Əliyevi bəzi çox ciddi araşdırıla biləcək məsələlərdə ittiham edib. Saytımız obyektivliyi pozmamaq şərti ilə bu məsələni də işıqlandırmağı labüd bilib. Həmin fikirləri olduğu kimi təqdim edirik:
"Bəli, 2014-cü ilə qədər şahmat bəstələrinin həlli üzrə milli komandamız heç bir çempionatda yer tutmamışdır. Bu mənim komanda ilə apardığım məşğələlərin nəticəsi idi. Bunu komanda üzvləri də təsdiq edərlər. Düzdür, sən komandanı çox yarışlara aparmısan, amma onlarla heç bir iş görməmisən. Komanda Azərbaycanı tərk etdikdən sonra uşaqlarla elə rəftar etmisən ki, onlar nəinki qalib gəlmək haqda düşünüblər, necə bu iyrənc hərəkətlərdən qurtarıb evə dönmələrini arzu ediblər. Komandada heç vaxt xoş əhval-ruhiyyə olmayıb. Sən özün Arazın, Ramilin, Zaurun qarasına, mənə çox gileylənmisən. Mənim onlarla söhbətimdən sonra hər şey bəlli oldu. Sənin komanda ilə belə rəftarın nazirlikdən ayrılan məzuniyyət pulunun bir hissəsini mənimsəmək niyyəti güdüb. Səndən fərqli olaraq, mən Azərbaycanın adını həmişə uca tutmuşam, xalqımızı müsbət cəhətdən tanıtmışam. Komanda üzvlərinə "restorandan nahar oğurlayın" demək ən sonuncu iyrənc hərəkətdir ki, sən onu da edirsən. Mən komandanın çempionatlarda iştirakını alqışlayıram. Araz Alməmmədov, Zaur Məmmədov, Rəşad Zeynallı dünyanın güclü həlliçiləri sırasındadırlar. Dünya Kubokunun bağlanış mərasimində iştrak etmək üçün məni İsveçrəyə Gənclər və İdman Nazirliyi göndərmişdir. Təbii ki, mən komanda ilə getməli idim. Orda komandamız tam heyətlə iştrak edirdi. Bu da sənin bir yalanındır.
Həlletmə üzrə dünya çempionatında iştrak edən komandaların tərkibi 3 nəfərdən ibarətdir. Digər ölkələr konqresə rəsmi olaraq cəmi 3 nəfər göndərir. Bu 3 nəfərdən biri həm məşqçidir, həm rəsmi nümayəndə və həm də katibə. Onlar sənin kimi sözdə deyil, əməldə büdcə puluna "ekonom" edirlər.
O ki qaldı çempionların Belqradda iştirakına, yəqin sən eynəksiz olmusan. Mixail Marandyuku, Vasil Dyaçuku, Vasil Krijanevskini, Valeri Semenenkonu, Maryan Kovaçeviçi, Deyan Kostadinovu görməmisən. Bu adları çəkilən çempionlar hamısı orda iştrak edirdilər. Çünkü onlarda vətənpərvərlik, öz millətinə, bayrağına hörmət var. Xainlik, yaltaqlıq, gündə bir maska geyinərək rusların və digərlərinin qarşısında lambada oynamaq sənin kimi xəyanətkarlara aiddir. Mənim yeni tətbiq etdiyim "QARABAĞ" mövzusunu lağa salan sən idin. "Bu nə addır, başqa ad düşün" deyərək narazılıq edən sən deyildinmi? Azərbaycan və Türkiyə prezidentlərinə həsr etdiyim şahmat əsərini dünya çempionatına israilli Paz Eynat qəbul etdi, rusiyalı Dmitri Turevski isə FİDE alboma qəbul etdi, amma sən ona siyasi ad verib Azərbaycan saytında dərc etmədin ki, rusların xoşuna gəlməz.
Saytda gedən şəkli Federasiyanın 2014-cü il təqvimində çap etdirmək üçün Fikrət Sideyfzadəyə çox yalvarmısan. Mənə Fikrət müəllim özü söhbət edib. İstəmisən ki, səni mənim yanımda görsünlər, çünkü nazirliyə hesabat verdikdə sən özünü mənim məşqçim kimi təqdim etmisən. Mənim müəllimlərim Rabil İsmayılov və Rauf Əlövsətzadənin olmasını yaxşı bilirsən. Məşqçi olmaq üçün bu sahədə anlayışın olmalıdır ki, o da sən də yoxdur. Sən etüdlər tərtib edə bilərsən, amma məsələ tərtibi, özü də müxtəlif mövzular və müxtəlif janrlar üzrə sən girən kol deyil.
Onu da qeyd etməliyəm ki, tərtib və həlletmə fərqli sahələrdir. Tərtib edən yaradıcı insandır. Həlletmədə isə yardıcılıq yoxdur. Tərtibçi və həlliçini yazıçı və oxucu ilə müqayisə etmək olar.
1980-ci illərin sonlarına kimi respublikamızda Aleksandr Sarçyevin rəhbərliyi ilə hər həftə seminarlar keçirilirdi. Bu seminarlar respublikamızda çoxlu güclü bəstəçilərin yetişməsinə səbəb olmuşdur. Sarçyevdən sonra Rauf Əlövsətzadə bu ənənəni Azərbaycanı tərk edənə kimi davam etdirdi. Son 20-25 ildə Azərbaycanda bir nəfər də olsun bəstəçi yetişməyib. Çox təssüflər olsun...
Onu da qeyd etməliyəm ki, Ukraynada yaşadığım müddətdə yerli şahmatçılar məni federasiya sədri seçmişdilər. Öz işlərimə vaxt qalmadığı üçün bir müddət sonra bu vəzifədən imtina etdim. Respublikamıza şahmat bəstəçiliyini inkişaf etdirmək niyyəti ilə qayıtmışam. Çünkü bu sahənin inkişafı, güclü şahmatçıların da yetişməsində öz rolunu oynayacaq. Mən bunun üçün xüsusi proqram hazırlayıram!"
Sonda onu da bildirək ki, bu xəmir hələ çox su aparana oxşayır. Tərəflər bir-birlərini ittiham edir. Lakin nədənsə hələ ki federasiya susqunluğunu qoruyur. Axı əvvəlki açıqlamalarda hər iki tərəf federasiyanın da ünvanına mənfi fikirlər söyləmişdi. Görünür, Elman Rüstəmovun rəhbəri olduğu Şahmat Federasiyası, tərəflərin dediyi kimi, doğrudan da bəstəçiliyi özündən saymır və burdakı hadisələrə laqeyd yanaşır. Hər halda Şahmat Bəstəçilik Komissiyası federasiya daxilində fəaliyyət göstərir və ayrıca bir qurum deyil...
Qaynarinfo.Az