"Oyundan sonra Əsgər Abdullayevlə heç bir görüşüm, söhbətim olmayıb. O hələ ki, baş məşqçimizdir. Klubdakı taleyinə, növbəti oyuna komandanı kimin çıxaracağına Müşahidə Şurası qərar verəcək".
Qaynar.info xəbər verir ki, bu sözləri "Qəbələ"yə 1:2 hesablı məğlubiyyətdən sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.
Xalq yazıçısı baş məşqçi axtarışlarına başlayacaqlarını bildirib. Onun fikrincə, "Neftçi"nin baş məşqçisi adına layiq yaxşı, səviyyəli mütəxəssis olmalıdır: "Ancaq bu o demək deyil ki, mütləq əcnəbi olacaq. Görürsünüz, Qurban Qurbanov yerli mütəxəssisdir, "Qarabağ" onunla uğurlar qazanır. Əslində Əsgər Abdullayevlə 2015-ci ilin sonunadək anlaşmışdıq. Amma manatın ikinci devalvasiyası və Emil Mpenzaya olan 1 milyon borcumuz üzündən ondan xahiş etdik ki, bir müddət də postunda qalsın. Əsgər Abdullayev komandaya çətin vaxtlarda kömək etdi. Yadınızdadırsa, onun vaxtında "Neftçi" bu "Qəbələ"ni öz meydanında yendi, "Xəzər Lənkəran"a 8 ildən sonra ilk dəfə səfərdə qalib gəldi, çempionluğa iddialı "Qarabağ"ı məğlub etdi".
Qaynar.info-nun əməkdaşının "Əsgər Abdullayevin istefası qəbul olunsa, o, klubun Müşahidə Şurasındakı fəaliyyətini davam etdirəcək?" sualına Çingiz Abdullayev konkret cavab verməyib: "Biz 1 gündə məşqçi tapa bilmərik. "Neftçi"yə uyğun məşqçi tapmalıyıq. Bilirsiniz, ondan əvvəl Samir Əliyev komandanı çalışdırırdı. Biz elə məşqçi tapmalıyıq ki, 2-3 illik proqram xəttimizə uyğun gəlsin. Məqsədimiz "Neftçi"ni o səviyyəyə qaldırmaqdır ki, komanda Çempionlar Liqasında oynasın. Gec-tez biz buna nail olacağıq. Peşəkar jurnalistlər də yazır ki, "Neftçi"nin potensialı böyükdür. "Neftçi"nin gəncləri meydanda döyüşür. Hər şeyi məşqçi səhvləri ilə bağlamaq da düzgün deyil... Ölkə kubokunda "Xəzər Lənkəran"la oyuna komandanı idman direktorumuz (Vəli Qasımovu nəzərdə tutur - red.) və digər məşqçilərimiz də çıxara bilər".
"Qəbələ"yə məğlubiyyətdən və AZAL-ın "Xəzər Lənkəran"ı səfərdə 1:0 hesabı ilə yenməsindən sonra "Neftçi" VI sıradan VII pilləyə enib. Abdullayev bu mövqenin qətiyyən qaneedici olmadığını bildirib: "Komanda indi bu yerdədirsə, görünür, ən birinci utanmalı olan insan mənəm. Görünür, mən lazımınca tələbkar olmamışam. Nə olur-olsun, "Neftçi" Azərbaycanın brendidir. Biz bu brendi bu səviyyəyə endirməməliyik. Azərbaycanda belə bir brend olan "Neftçi" kimi ikinci klub yoxdur".
Daha sonra verilən "Sizə elə gəlmir ki, illərdir, yazıçı kimi formalaşdırdığınız imici "Neftçi" yolunda itirirsiniz?" sualına Çingiz Abdullayevin verdiyi cavab gülüşlə qarşılanıb: "Mən imicimi itirməyimə inanmıram. Şadlıq evi tikməmişəm, maqazin açmamışam ki, imicimi itirim. Mənim imicim kitablarımdan olub, onları oxuyublar. Kitabları oxuyan adamlar məni bəyəniblər. Əgər məni futbola görə bəyənmirlərsə, heç bəyənməsinlər. İmic belədir ki, ya sənə hörmət edirlər, ya da ki yox. İnsanlar başa düşməlidir ki, biz "Neftçi"yə klubu qaldırmağa gəlmişik. Sonadək də bu xətlə davam edəcəyik. Bizim böyük hədəflərimiz var. Cənubi Qafqazda yeganə klubuq ki, audit şirkəti ilə müqavilə bağlamışıq. Hər şey qəpiyindək şəffaf şəkildə həyata keçirilir. Bu bütün Azərbaycana nümunə olmalıdır. Tək Azərbaycanda yox, Avropada da nümunəvi klub olmaq istəyirik".
Qaynar.info