
Avropa Liqasının I təsnifat mərhələsində dünən "Qəbələ" ilə qarşılaşan Gürcüstanın "Samtredia" klubu dünən futbol qaydalarını pozub.
Qaynarinfo.az xəbər verir ki, qonşu ölkə təmsilçisinin 3 nömrəli futbolçusu Cemal Qoqiaşvili dünən ilk hissədə meydana başqa nömrə ilə çıxıb. Bu müdafiəçi meydana 18 nömrəli forma ilə çıxıb ki, UEFA-ya sifariş olunan son siyahıda "Samtredia"da bu rəqəm altında çıxış edən oyunçunun olmadığı görünür.
II hissədə isə bu səhv aradan qaldırılıb. Qoqiaşvili fasilədən özünə məxsus olan 3 nömrəli futbolkada qayıdıb.
Bu məsələ ilə bağlı beynəlxalq oyunlara təyinat alan Asim Xudiyevin fikirlərini öyrəndik. O, UEFA nümayəndəsinin belə fakt səhvinə yol verməsinə inanmadığını bildirdi: "Açığı, mən belə bir faktın olmasına inana bilmirəm. Çünki UEFA nümayəndəsi matça çıxmazdan əvvəl futbolçuların formalarına nəzarət edir. Protokol da buna əsasən tərtib olunur. UEFA-nın Bakıdakı nümayəndəsi də protokolu UEFA-nın saytına yerləşdirir. Ancaq siz deyirsinizsə ki, "CBC Sport"un şərhçiləri də bunu təsdiqləyir, o zaman bu, ciddi nöqsandır. Belə olduğu halda, "Samtredia"ya 0:3 hesablı texniki məğlubiyyət verilə bilər. Lakin məlum olduğu kimi, "Qəbələ" rəqibini 3 topdan artıq fərqlə məğlub etdiyi üçün buna ehtiyac qalmır".
Qeyd edək ki, "Qəbələ"nin 5:1 hesabı ilə qalib gəldiyi matçın UEFA nümayəndəsi qazaxıstanlı Ənvər Bidanov olub. UEFA-nın saytı üçün oyunu onlayn aparan Abbas Zahidi saytımıza belə bir anlaşılmazlığın olduğunu, lakin səhvin ondan qaynaqlanmadığını bildirib.
Qaynarinfo.az