
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın Çempionlar Liqasındakı ilk rəqibi Lüksemburqun "F91 Düdelanj" klubu olub.
Qaynarinfo.az Lüksemburq çempionunu təqdim edir.
Fransa sərhəddində yerləşən Lüksemburqun IV şəhəri Düdelanjı təmsil edən bu komanda 1991-ci ildə 3 klubun birləşməsi sayəsində yaradılıb. "F91 Düdelanj"ın sələfi olan bu 3 klub əvvəllər Lüksemburq çempionluğu və ölkə kubokunu qazansa da, hər biri çətin anlar yaşayırdı. Bu üzdən 3 Düdelanj klubu 1991-ci ildə həm idman, həm də maliyyə baxımından birləşmək qərarına gəldilər.
Lakin bunlardan "Alyans Düdelanj" digər 2 komandadan fərqli olaraq, I dəstədə çıxış etdiyindən yeni yaradılan klub da məhz bu çempionatda mübarizəyə qoşulur. Komanda ilk mövsümü olan 1991/92 mövsümünün yekunundaca elitaya vəsiqə qazanmağı bacarır. 90-cı illərin sonlarında isə artıq "Jeness"in çempionatdakı hegemonluğuna son qoyulur.
2005-ci ildə ilk çempionluğunu qazanan "F91 Düdelanj" Çempionlar Liqasında ölkəsini təmsil edir və II təsnifat mərhələsinə vəsiqə qazanan ilk Lüksemburq komandası kimi tarixə düşür. Onlar həmin vaxt Bosniya və Herseqovinanın "Zrinski" klubunu turnirdən kənarlaşdırır.
2006-cı ildə isə klub birləşdikdən sonra ilk qızıl dublunu gerçəkləşdirir. Növbəti mövsüm də bu uğur təkrar edilir. Çempionlar Liqasının 2012/13 mövsümü onların avrokuboklarda ən uğurlu ili sayılır. Komanda San-Marinonun "Tre Penne" klubunu 2 oyunun cəminə görə 11:0 məğlub edir. Daha sonra "sarı-qırmızılar" "Qarabağ"a da tanış olan güclü "Zalsburq"u səfər qolu hesabına keçir (1:0, 3:4). Lakin III təsnifat mərhələsində Sloveniyanın "Maribor" klubu sürprizə imkan vermir. Avropa Liqasının pley-off mərhələsində də Təl-Əviv "Hapoel"i onların qrupa düşməsinə mane olur. Bundan sonra bu komanda son 3 mövsümdə ilk mərhələdəcə mübarizəni dayandırıb.
Komandanın baş məşqçisi Mişel Lefloşmandır. Komanda 1991-ci ildən bu yana 12 dəfə ölkə çempionu və 6 dəfə kubok qazanıb. Son mövsüm qızıl dubl edən "F91 Düdelanj"ın heyətində Fransa, Bosniya və Herseqovina, Belçika, Mərakeş, Konqo Demokratik Respublikası, Anqola və Qanadan futbolçular var. Bosniya və Herseqovinadan olan futbolçunun soyadı maraqlıdır. Bu, məşhur Zlatan İbrahimoviçlə eyni soyadı daşıyan, lakin onunla heç bir qohumluq əlaqələri olmayan hücumçu Sanel İbrahimoviçdir.
Qaynarinfo.az