
Xəbər verdiyimiz kimi, Azərbaycanın futbol üzrə I dəstəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi "Zaqatala"nın futbolçusu Emin Mehtiyev bu gün mükafatlandırılıb.
Qaynarinfo.Az-ın Zaqatalaya ezam olunmuş əməkdaşı Mehtiyevlə bu haqda danışıb.
24 yaşlı futbolçu bu mükafatı gözləmədiyini bildirib: "Sözün düzü, qalib gələcəyimi gözləmirdim. Çünki PFL-in saytına baxmışdım. Mənim qolum geridə qalırdı. Heç kimə də ağız açmamışdım ki, mənə səs versinlər. Fikirləşdim ki, kimin qolu yaxşıdırsa, o da ədalətlə seçilər. Yaxınlarda bir tanışım mənə xəbər verdi ki, sənin qolun ən yaxşı seçilib. Bu qola səs verən jurnalistlərə öz təşəkkürümü bildirirəm".
"Neftçi"nin yetirməsi olmuş Emin Mehtiyev azarkeşlərin "Səbail"in futbolçusu Anar Babayevin qoluna səs verməsi haqda isə bunları bildirib: "Səbail"in futbolçusu da gözəl qol vurmuşdu. Mənim qoluma səs verməyən azarkeşlər də sağolsunlar. Mən deyə bilmərəm ki, hansı qol daha gözəl alınıb. Ancaq jurnalistlər mənə səs veribsə, yəqin ki, mənim qolum daha gözəl olub".
Qeyd edək ki, azarkeşlərlə jurnalistlərin səsverməsində eynilik olmadığından, əsas seçimi PFL edib. Bu qurum isə Emin Mehtiyevin MOİK-ə vurduğu qola üstünlük verib. Nəticədə bu gün zədəli olan Eminə "Ağsu" ilə oyundan öncə 500 manat və xüsusi mükafat təqdim olunub.
Qaynarinfo.Az