
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakıda rəsmən yeni futbol klubu fəaliyyətə başlayıb. "Səbail" adlı klubun yaradılacağı hələ AFFA prezidenti Rövnəq Abdullayevin PFL prezidenti postuna seçkilərdən sonra keçirdiyi mətbuat konfransında məlum olmuşdu. Bu üzdən bu komandanın AFFA-nın, daha dəqiq desək, AFFA baş katibi Elxan Məmmədovun kurasiyasında olan klublardan olduğunu güman etmək heç də çətin deyildi.
Hadisələrin gedişatı bizləri təəccübləndirmədi. Az sonra bu klubun Müşahidə Şurasının üzvlərinin kimliyi bilindikdən sonra buna Elxan Məmmədovun klubları sırasına "Səbail"in də qoşulmasına dair heç bir şübhə yeri qalmadı.
Lakin Müşahidə Şurasının sədri Yusif Həsənovun kimliyi maraq doğurur. Niyə məhz bu şəxs kluba rəhbər təyin olunub? Və ya sualı bir başqa cür qoysaq, niyə bu şəxsin klubuna bu qədər imtiyazlar bağışlanıb?
Düzdür, onun özü "Səbail"in Elxan Məmmədova məxsus olması ilə bağlı verilən suala belə cavab verib: "Bu klubun Müşahidə Şurasının sədri kimi bildirirəm ki, "Səbail"in Elxan Məmmədova məxsus olması ilə bağlı heç bir məlumatım yoxdur. Belə bir şey olsaydı, ən azı mən bilərdim. Bu klub ictimai birlikdir və bu cür də fəaliyyət göstərəcək".
Əldə etdiyimiz məlumat isə bu kluba digərlərindən daha çox imtiyazlar bağışlanmasının (hələ klub yaradılmamışdan elitada oynayacağına dair açıqlama verilməsi - red.) heç də təsadüfi olmadığından xəbər verir. Belə ki, Yusif Həsənov Elxan Məmmədov dostluğu hələ keçmişə dayanır. Elxan Məmmədov Səbail rayonu 134, Yusif Həsənov isə 189 nömrəli orta məktəblərdə təhsil alıblar. Bu məktəblərin yaxınlığı, hər 2 şəxsin rusdilli olması, ailələr arasında münasibətlər Məmmədov - Həsənov dostluğunu möhkəmləndirib.
Onu da bildirək ki, hər 2 şəxs imkanlı ailədə dünyaya göz açıb. Həsənovun atası Bakıda butulka sexinin rəhbəridir. "Norf" limonadlarının butulkaları məhz həmin sexdən alınır. AVRO-2016-nın seçmə mərhələsinin Fransada keçirilən püşkatma mərasimi zamanı Yusif bəyin AFFA nümayəndə heyətinin tərkibində olması da bu dostluqdan xəbər verir.
Özü bildirib ki, son 2 mövsümdə "Fortuna" klubunun sponsoru olub. Bildiyimizə görə, bu klubun təsisçilərindən biri də "Futbol+" qəzetinin sabiq əməkdaşı, "Xazar Aylands" futzal klubunun eks mətbuat xidməti Orxan Hüseynov olub.

Məhz bu üzdən Orxan Hüseynovla da bəzi məsələləri öyrənmək qərarına gəldik: "Mənim Yusif Həsənovla tanışlığım futbol oynadığımız vaxtlar olub. Biz onunla tez-tez Zabitlər Bağının yanındakı meydançada futbol oynamışıq. Hələ o vaxtlardan onun Elxan Məmmədovla tanışlığından xəbərim vardı. Onun "Fortuna" klubunun sponsoru olmasında da mən vasitəçi olmuşam.
Xatırlayırsınızsa, 2013/14 mövsümündə "İçərişəhər" adlı klubun yaradıldığı və I dəstədə oynayacağı xəbəri yayılmışdı. Onda mən bir jurnalist kimi həmin klubun təsisçisi Ziya Əliyevdən müsahibə götürmüşdüm. O mənə bildirmişdi ki, hazırkı Təhsil naziri Mikayıl Cabbarov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi kimi kluba hamilik edəcək. Lakin Cabbarov nazir təyin olunandan, qoruğa isə Samir Nuriyev gətiriləndən sonra kluba yiyə duran tapılmadı.
Belədə mən çoxdandır hansısa klub yaratmaqda maraqlı olan Yusif Həsənova müraciət etdim. Həsənov isə bu təklifimi müsbət qarşıladı və Ziya Əliyevlə görüşdü. Lakin klubun adının "İçərişəhər" yox, başqa ad olması məsləhət görüldü. Mənlə Yusif "Səbail", Ziya isə "Fortuna" adını təklif etdi. Sonda "Fortuna-Səbail" adını qoymaq qərarına gəldik. Lakin komanda sonradan daha çox "Fortuna" adlandırıldı. Klubda yalnız 15 yaşadək komanda fəaliyyət göstərirdi. Baş məşqçi isə Bakı rusu olan Vladislav Ledyayev idi".
Orxan Hüseynov deyir ki, onun klubdan ayrılması Yusif Həsənovla aralarında olan fikir ayrılıqları ilə bağlı olub: "O, Azərbaycanın gerbi və bayrağı olan futbol formasından istifadə etmək istəyirdi. Mən isə deyirdim ki, bu milli deyil axı. Sonra Elxan Məmmədovla məsləhətləşdi. O da mən dediklərimi ona demişdi. Mənim onunla bu kimi məsələlərdə mübahisələrim ordan çıxmağıma səbəb oldu. Məndən sonra Ledyayev də çıxdı. Bir ara hələ özü uşaqlara məşqçilik etdi. Belə desək, "Fortuna"nın prezidenti Ziya Əliyev isə hazırda "Naxçıvan" restoranında administrator işləyir".
Hüseynov futbolda Yusif Həsənovun dostluq etdiyi şəxsləri də saydı: "Menecer Kamil Məmmədov onun qonşusudur. O "Kappa" firmasından formaları ona satmışdı. Halbuki əvvəl İtaliyanın "Givova" şirkətinin formalarından istifadə edirdik. Stadionumuz Bayıl Arena idi. Çünki Elxan Məmmədovun vasitəçiliyi ilə bu stadion bizə yarıqiymətə icarəyə verilmişdi. Onun "Sumqayıt"ın prezidenti Kamran Quliyev və Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi ilə münasibətləri əladır".
Bunlar Orxan Hüseynovun dedikləridir. Ancaq Müşahidə Şurasında başqa şəxs də var ki, bizə tanış deyil axı. "Sport Marketinq Qrup" şirkətinin direktoru Ayaz Əhmədov kimdir, nəçidir, bilmirik. Bu insan haqda qısa da olsa məlumat toplaya bilmişik. Bildiyimizə görə, Kokon Agentliyi də Əhmədova məxsusdur. Bu agentlik isə reklam və dizayn işləri ilə məşğuldur. Məsələn, R&B Kafesinin dizaynı bu şirkətə məxsusdur. Eləcə də "Səbail" klubunun loqosu bu şirkət tərəfindən hazırlanıb.

Sonda onu da bildirək ki, "Səbail" klubu yeni mövsümdən məşq və oyunlarını "Bayıl Arena"da keçirəcək. Bu stadionun direktoru Rza Həsənov isə Elxan Məmmədovun qaynıdır.
Qaynarinfo.az