
Ötən həftə Şotlandiyanın "Seltik" komandası Çempionlar Liqasında "Qarabağ"la görüşmək üçün Bakıda idi. Artıq bu komanda Qlazqoda olsa da, onun fanklubu Bakıda yerində qalır. Bəli, düz eşitdiniz, söhbət dünyanın məşhur komandalarından olan "Seltik"in Bakıdakı fanklubundan gedir.
Açığı, şotlandların Bakıda fanklubu olmasını bilməyim sırf təsadüfdən (bu sözü dilə gətirsəm də, özüm təsadüflərə inanmıram - S.T.) irəli gəlir. Belə ki, "Seltik"in "Qarabağ"la oyun öncəsi son məşqindən sonra "Seltik"li futbolçular bir-bir avtobuslarına minməyə başladılar. Mən 1994-cü ildəki dünya çempionatından azarkeşlik etdiyim Brolinli, Larssonlu İsveç millisinin müdafiəçisi Mikael Lustiqlə şəkil çəkdirəndə tək deyildim. Belə ki, "Qorqud" otelində qalan 5 şotland - Stiv, Endryu, Qari, Ceyms və onun qızı Karolina (adlar şərtidir - S.T.) da "Seltik"in oyunçuları ilə yaxınlıqdan istifadə edib şəkil çəkdirirdilər. Hə, bir də özünü Dima kimi təqdim edən rus azarkeş vardı. Adam ta Moskvadan Bakıya "Seltik"ə azarkeşlik etmək üçün gəlmişdi. Dimanın ingiliscəsi yaxşı deyildi, ona görə də MDB-çi kimi daha çox mənimlə ünsiyyət qurmağa çalışırdı.
Nə isə, şəkil çəkdirilmə mərasimi bitdi, komandanın avtobusu isə getdi. Evə qayıdarkən şotlandlarla kiçik dialoqumuz oldu. Həmin an qonaqlardan Endryu məndən Bakıdakı fəvvarələrin yerini soruşdu. Anladığımız Fəvvarələr Meydanının. Əvvəlcə metro ilə getməli olduqları yolu göstərsəm də, sonra içim rahat olmadı. "Onsuz da axşama işim yoxdur, evə gec getsəm də olar" deyib onlara bələdçilik etməyi qərara aldım. Metroda aydınlaşdırdım ki, "Torqovı"da yerləşən Fəvvarələr Meydanına onlar gəzmək üçün yollanmır. Belə ki, meydanın yaxınlığında "Meksikana Bar end Qrill" adlanan restoran var. Sən demə, "Seltik"in Bakı fanklubunun məskəni həmin bar imiş.
Adıçəkilən məkanı tapmağımız bir qədər çətin oldu. Çünki kimdən soruşduqsa, o barın yerini bizə tərif edə bilmədi. Ancaq sonda istəyimizə çatdıq. Bir sərxoş şotland barın qarşısında dilənən "qaraçı" qadının baş beynini aparmışdı. Məhz onun "Seltik" formasında "qaraçı" uşaqlarla əylənməsi ünvana düzgün gəldiyimizi göstərdi. Başqa vaxt həyasızlıqları ilə tanınan "qaraçı" qadın elə bu an mənə məsum-məsum baxaraq belə dedi: "Bunun dilini də başa düşmürəm. Nə deyir bu? Sən Allah, bunu burdan aparın. Qoysun, işimizi görək, bir parça çörəyimizi qazanaq. Bunun əlindən iş də görə bilmirik".
... Şotlandlarla bərabər, barın içərisinə daxil olduq. Ağ-yaşıl formada "Seltik" tərəfdarları pivədən, şotland viskisindən başlarına çəkir, mahnılar oxuyur, əylənirdilər. İçəridə hazırda türkiyəli hücumçu Nadir Çiftçinin geydiyi, vaxtı ilə isə Henrik Larsson və Robbi Kinin daşıdığı "7" nömrəli forma, karyerasını "Seltik"də başa vurmuş Roy Kinin "16" nömrəli tişörtü, o cümlədən İrlandiya bayraqlarını görməmək mümkün deyildi. Bilməyənlər üçün qeyd edim ki, şotlandlar da irlandlar kimi kelt sayılır və tarixən ingilislərə qarşı müstəqillik uğrunda mübarizədə bir-birlərinə dəstək olublar. Elə 1887-ci ilin noyabrın 6-da "Seltik"in yaradıcısı da "Uilfrid qardaş" kimi tanınan irlandiyalı katolik Endryu Kerinsdir. Yeri gəlmişkən, "Seltik" və "Boston Seltiks" kimi klubların da mənasında "kelt" (ingiliscə "celts" yazılır - S.T.) sözü var.
Gecə keçirdi, "şotlandlar hələ minimum saat 3-ə kimi burda əylənəcəklər" fikirləşirdim. "Qarabağ"ın oyunu ilə bağlı fikir öyrənmək də istəyirdim. Ancaq bu vaxt onlardan ayıq başlı birisini tapmayacağım hissi də beynimdən keçirdi. "Sərxoş adam mənə nə danışa bilər ki?" deyibən işimi ertəsi günə saxlamalı oldum...
Ertəsi günü yenidən adıçəkilən məkana yollandım. Bu dəfə bir qədər boşluq vardı barda. Çünki dünəndən əylənən azarkeşlər həmin gün artıq "Qarabağ"la oyuna hazırlıq görürdü. Bununla belə, barın qarşısında şotland yubkasında olan bir sərxoş gündüz vaxtı o qədər içmişdi ki, gedib gələnə "ilişmək"lə məşğul idi. Mən çəkiliş edən vaxt şəhadət barmağını mənə tuşlayan məhz o idi və bunu fotoda da görmək mümkündür. Barın içərisində isə ayıq başlı insanlar vardı. Onlardan 3-ü Dubaydan "Seltik"ə azarkeşlik etməyə gələn şotlandlar idi. Uilyam adlı birisi məni qabaqladı: "Səncə, hesab necə olacaq?" "2:1" dedim. Bu cavab digər 2 şotlandın xoşuna gəlmədi. Çünki onlar "Seltik"in qələbə qazanacağını proqnozlaşdırırdı. Ancaq Uilyam mənə dedi: "Sən çox düz deyirsən, mən də fikirləşirəm ki, "Qarabağ" qalib gələcək, ancaq mərhələni "Seltik" keçəcək".
Bir müddətdən sonra bu "trio" stadiona yollandı. Mən isə fürsətdən yararlanıb barda ofisiant olan, koftasının arxasında "Qarabağ" - "Seltik" oyununu əks etdirən azərbaycanlı ofisiantdan məkanın sahibini dəqiqləşdirməyə çalışdım. Lahordan olan pakistanlı qardaşlar bu barı işlədirmiş, sən demə. Onların sözlərinə görə, 10 ilə yaxındır ki, bu bar var. Əvvəllər burda Meksika xörəkləri verildiyindən, barın adı belə qalıb. Buranı heç vaxt meksikalılar işlətməyib. "Seltik"in oyunları günü içkilər pulsuz olur. Qalan günlər isə xidmət pullu olur. Mənə də içmək üçün bir şeylər təklif edən qardaşlardan fanklubun rəhbərinin adını soruşdum. Cavab belə oldu: "Bob Makevan. Ancaq o hazırda burda deyil. Onun nömrəsini verə bilərik". Əlqərəz, nömrəni aldım. Barı tərk edən vaxt qardaşlardan böyüyü mənə bunu deməyi unutmadı: "Görürəm, paytaxtımızın İslamabad olduğunu bilirsiniz, ancaq Pakistanda olmamısınız. İnşallah, Azərbaycan qolf və ya kriketdə inkişaf etsə, oralara da yolunuz düşər". Yalandan "inşallah" dedim, özüm inanmasam belə...
Bobun əsl adı Robertdir. Sadəcə, hamı onu "Bob" kimi tanıyır. İş adamıdır. Britaniyaya məxsus olan "Bos Şelf" şirkətində işləyir. Onun sözlərinə görə, fanklublarının adı rəsmi olaraq "Seltik" Azarkeşləri Klubu"dur. Bobu dinləyək: "Klubumuz 2003-cü ilin fevralında Bakıya neft-qaz inkişaf layihələri ilə bağlı gələn ilk qruplar tərəfindən yaradılıb. İlk vaxtlar üzvlərimizin sayı 120-yə yaxın olub. Məkana görə indi üzvlərimizin sayı 40-50 arasındadır. Hazırda 8 üzvümüz var ki, əvvəldən axıradək bu klubdadır. 2012-ci ilə kimi Adams Bar-da olmuşuq. Bu ilin əvvəllərindən Meksikana Bara köçdük. Klubumuzun əsas məqsədlərindən biri yerli xeyriyyə evlərinə köməklik etməkdir. Yerli uşaq evlərini maddiyyatla, xəstəxanaları dərmanla təmin etmişik, gənc futbol komandalarına dəstək vermişik və kiçik kilsənin yenilənməsinə yardımçı olmuşuq. Bunun üçün 100 min dollardan artıq xərc çəkmişik. İlk əvvəllər oyunlarımızı televizor və ya internet vasitəsilə görməyimiz çətin idi. İnternet problemi vardı. İndi isə "Seltik" TV vasitəsilə hər həftə komandamızın oyunlarına baxa bilirik. Üzvlərimiz tez-tez İspaniya, Portuqaliya və İtaliyaya səfərlər edir, bəziləri Rusiyanın "Lujniki" stadionunda "Seltik"in "Spartak"la oyununa da canlı baxa bilib. Keçmişdə Qlazqo derbiləri zamanı Bakı Ayıları ("Reyncers"in Bakı fanklubu - S.T.) ilə baxdığımız oyunlar, xüsusən biz qalib gəldiyimiz matçlar daha həyəcanverici idi. Evindən 3 min mil uzaqda olsa da, şənbə-bazar günləri eyni fikirdə olan insanlarla matça birgə baxmaq zövq verir. "Qarabağ"la ilk oyun vaxtı çoxumuz həyəcanlı idik, bəzilərimiz hətta sizin komandanızın səfərdən qələbə ilə qayıdacağını da düşünürdü. Qlazqodan "Seltik" fanatları üçün stadiona müsiqiçiləri gətirməyi də düşünmüşdük. Amma vizaya görə alınmadı".
Barda içkilərin "Seltik" fanatları üçün pulsuz olmasına da aydınlıq gətirdik. Bu büdcə onların aylıq fanklubun xəzinəsinə pul köçürməsi ilə formalaşır. Bob deyir ki, "Reyncers" azarkeşləri ilə heç yola getmirlər. Mənim "Seltik"in əvvəlki əzəmətini itirməsinin səbəbi kimi "Reyncers"in elitada olmaması arqumentimlə isə Bob heç cür razı deyil. "Qarabağ"ın "Seltik"lə düşməsi isə onlar üçün sürpriz olub və buna həddən artıq seviniblər. Ona görə yox ki, "Qarabağ" zəif rəqibdir, ona görə ki, ilk dəfə "Seltik"i Bakıda görmək imkanı əldə ediblər. O "Qarabağ" ötən mövsüm qrupda Avroliqanın qrupunda "İnter", "Sent-Etyen" və turnirin finalçısı "Dnepr"lə düşdüyünü xatırlayır, komandamızın heyətində ən güclü futbolçular kimi isə Reynaldo və Rəşad Sadıqovu sayır. Bob arzulayır ki, yenə Azərbaycan klubları "Seltik"lə düşsün. Sözün düzü, o, "Qarabağ"la düşməyin tərəfdarı da deyil. Ancaq deyir ki, "Seltik"in Azərbaycana gəlişi onlar üçün nəyə desən dəyər. Ümid edir. Biz də ümid edək ki, "Qarabağ" növbəti mərhələlərdə "Seltik"lə düşmək şansı əldə edib qisasını alsın. Xoş ümidlərlə...
Səbuhi TOFİQOĞLU
Qaynar.info









