Xəbər lenti

"Sumqayıtda çox yerdən şor su gəlir, verərik içər" - Samir Abasov
İdman12:30 28.09.2016

"Sumqayıtda çox yerdən şor su gəlir, verərik içər" - Samir Abasov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Premyer Liqasının VI turunun son oyununda Masazırdakı "Əlincə Arena"da “Neftçi”ni 2:1 məğlub edən “Sumqayıt”ın baş məşqçisi Samir Abasov müsahibə verib.

Qaynarinfo.Az-ın əməkdaşının da iştirak etdiyi həmin müsahibəni təqdim edirik:

- Qələbə qazandığımız üçün çox sevincliyəm. Bu gün məqsədimiz komanda şəkilində oynamaq idi. Başqa komanda olsa idi də, məqsədimiz qələbə qazanmaq idi. Nəyə görə? Çünki “Qəbələ” ilə oyundan sonra çox söz-söhbətlər oldu. Bizim bugünkü oyunda uduzmağımız bizi vuranlara bir işarə olacaqdı. Düzdür, biz də haqsızlığın fərqində idik. Bu gün “Qəbələ” ilə oyunu unutdurmaq üçün, o məğlubiyyətin əvəzini çıxmaq üçün meydana çıxmışdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Oyundan öncə sxem çəkdik ki, belə oynayacağıq. 2 nəfər qırmızı vərəqə alsaydı da, elə oynayacaqdıq. Uşaqlar bu gün əllərindən gələni etdilər. Bundan sonra bütün oyunların belə olub-olmayacağını deyə bilmərəm. Amma uşaqlar bu gün məşqçilərə qol-qanad verdilər.

- "Bizi vuranlar var" dediniz. Kimi nəzərdə tutursunuz?

- Biz “Qəbələ” ilə oyundan sonra çox söz-söhbətlərə səbəb olduq. Söyülən də, döyülən də biz olduq. Amma öz tərəfinə fırladanlar da oldu ki, “Sumqayıt” nə oynadı, nə də qazansın. Özünüz də görürsünüz, heyətimiz cavanlardan təşkil olunub. Biz başqa cür oynaya bilmərik. Futbolçularımız oyundan-oyuna yaxşı oynamağa çalışırlar. Haqsızlıqla üzləşəndə çox pis oluruq. Mənə bir oyun cəza verən adamlara təşəkkür etmək istəyirəm. Doğrudan da, sağ olsunlar. Həmin vaxt çox əsəbi idim, haqq olunan cəzanı almışam. Məni başa düşdükləri üçün, daha ciddi cəza vermədikləri üçün onlara təşəkkür edirəm.

- Tribunadan oyunu izləmək çətin deyil?

- Tribunadan hər şeyi görə bilirsən. Elə bil ki, ehtiyat oyunçular skamyasında infarkt olursan, tribunada isə iki qat “paraliç” keçirirsən. Ordan oyun izləmək çox çətindir. Allah heç kimə göstərməsin.

- Siz komandanın başında deyildiniz və qələbə qazandınız. Bəlkə 3-4 gün komandadan ayrı qalasınız...

- Qalaram. Onsuz da qarşıdan yığmanın oyunu gəlir...

- Keçən oyun heyətin kasad olmasına görə rəhbərlikdən şikayət etmişdiniz. Həmin hadisədən sonra rəhbərliklə aranızda nə söhbətlər oldu? Artıq barışmısınız?..

- Mətbuat necə soruşacaqsa, elə də cavab verəcəyəm. Əgər komandada problem varsa, mən bunları deməliyəm.

- Rail Məlikovun yeni mövqeyindəki çıxışından razı qaldınızmı?

- Railin təcrübəsi və keçən oyun Ayazın pis oynaması bu gün məni məcbur etdi ki, Raili cinahda oynadım. Onun oyunundan çox razı qaldım. Railin komandada olması mənə bəs edir.

- Amil Yunanova güvənməməyinizin səbəbi nədir?

- Bu oynamamaqlar onun xeyrinə olacaq. Mən bunu sizə əmin edirəm. Onu cəzalandırmaq lazım idi. Ötən oyunlarda müəyyən qədər səhvlər etmişdi. Amil gələcəkdə daha yaxşı olacaq.

- Düşünmürsünüz ki, Amil sizdən küsər?

- Küssə də, Sumqayıtda çox yerdən şor su gəlir, verərik içər (gülür).

Qaynarinfo.Az