
Növbəti mövsümdə futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda çıxış etməyi planlaşdıran "Şuşa-Qarabağ" bir çoxları üçün sirli qutudu. Futbol ictimaiyyəti ilə yanaşı, azarkeşlər də qarabağlıların çıxışını maraqla gözləyir. Hər halda ötən il maliyyə probleminə görə çıxışını dayandıran şuşalıların yenidən fəaliyyətini bərpa etməsi gözəl təşəbbüsdü.
Görəsən, komandanın hədəfləri nədən ibarət olacaq? "Şuşa-Qarabağ" yenidən maliyyə problemi ilə üzləşə bilərmi? Suallar çox olduğundan komandanın baş məşqçisi Nadir Qasımova müaciət etdik. Sport7.az saytına müsahibə verən təcrübəli mütəxəssis bir sıra məsələlərə aydınlıq gətirdi.
- Nadir bəy, yenidən fəaliyyəti bərpa olunan "Şuşa-Qarabağ"da vəziyyət nə necədi?
- Bu, artıq yeni "Şuşa-Qarabağ" komandasıdı. Klubun adı siyasi tərəfdən də uğurludu. Çünki Şuşanı Qarabağsız, Qarabağı da Şuşasız təsəvvür etmək olmaz. Əvvəlki komandada başımıza nələr gəldiyini yaxşı bilirsiniz. Maliyyə problemi olduğuna görə çempionatdan kənarda qalmalı olduq. Bu gün isə tamam başqa bir "Şuşa-Qarabağ" formalaşır. Yeni rəhbərlik, yeni fikirlər, yeni şöbələr və s. Bu gün bizə dəstək olan şəxs böyük məktəb keçib. Klubda çalışanlar da işin məsuliyyətini yaxşı dərk edir. Mənim üzərimə düşən məsuliyyət də komandanı formalaşdırmaq, stadiona cəlb edəcəyimiz azarkeşlərə gözəl futbol nümayiş etdirməkdi. Ayın sonunda seleksiya işlərimiz başa çatır. 11 gündü ki, işə start vermişik. Demək olar ki, işin 70 faizi görülüb, lazım olan fubolçuları heyətə cəlb etmişik. Sonda isə komandamızda yaxşıların yaxşısı qalacaq.
- Yeni formalaşan heyətdə gənclərə üstünlük verəcəksiz, yoxsa daha çox təcrübəli oyunçulara ehtiyacınız olacaq?
- Yaşlı futbolçularımızın sayı çox deyil. Futbolçu komandaya xeyir verə bilərsə, mənim üçün onun yaşı önəmli deyil. Fikrimcə, komandada ortalama yaş həddi 24-dən yuxarı olmayacaq. Ola bilər ki, 2-3 futbolçumuzun yaşı 25-i keçsin ki, bu da təcrübə baxımından önəmlidi. Futbolda mühüm işlərdən biri seleksiyadı. Artıq bu prosesi başa vururuq. Ayın sonunda komandada kimlərin qalacağı açıqlanacaq. İrandan iki futbolçu cəlb etmişəm. Onlardan biri məşqlərə qatılıb, özünü yaxşı tərəfdən göstərməyi də bacarıb. Digəri isə vaxtı ilə köhnə komandada rəhbərliyim altında çıxış edib. Şahin Balacai indi İran Premyer Liqasında top qovur. Yenidən Azərbaycana gəlməyə razılaşıb. Mənə təqdim edilən digər futbolçulara da baxırıq. Dediyim kimi, hər şey ayın sonunda bəlli olacaq.
- Yoxlama görüşləri keçirməyi planlaşdırmısız?
- "Kəpəz"in Avroliqadakı ilk oyunundan sonra ola bilər ki, gəncəlilərlə yoxlama matçı keçirək. Başqa yoxlama görüşü də planlaşdırmışıq. Bu, futbolçuların uyğunlaşması üçün önəmlidi. İstəyirəm ki, komandanı yaxşı rəqiblərlə oyunda yoxlayım. Çünki məqsədimiz 2017/2018 mövsümündə Premyer Liqada çıxış etməkdi. Qarşıda kubok oyunlarımız da olacaq. Ölkə kubokunda da uğurlu çıxış etmək üçün bu addımları atmağımız vacibdi.
- Premyer Liqaya yüksəlmək üçün çempionluqdan əvvəl, maliyyə dəstəyi önəmlidi. Bu baxımdan problem yaşayacağınızı düşünmürsüz?
- Uzun müddətdi Azərbaycan futbolundayam. Bu gün formalaşan işçi qrupumuzun işindən həzz alıram. Çünki təkcə sponsorun maddi dəstəyinə maraq göstərmirik. Klub özü-özünü maliyyələşdirməsi üçün layihələr işlənilir. Bu layihələr həyata keçirilməlidi. Məlum olduğu kimi, klublarımızın çoxu sponsorsuzluqdan fəaliyyətini dayandırıb. Sponsor çətinliyə düşəndə komanda da dağılır. Klub prezidentimizin ətrafında toplaşan şəxslər iş adamlarıdı. Onlar da var gücü ilə çalışır ki, komanda daima ayaqda dura bilsin. Ki, Şuşanı işğaldan azad edəndə, uğurlarımızın davamını doğma yurdumuzda qazanaq. Qarşıda böyük hədəflər var. Təbii ki, ilk addımlarda maddi dəstək önəmlidi.
- Premyer Liqada yetərincə paytaxt derbisi izləyirik. Bəs, Qarabağ derbisinə nə vaxt şahidlik edəcəyik?
- Mən dəfələrlə demişəm ki, Bakı klublarının sayı azaldılmalı, futbol bölgələrə yayılmalıdı. Bu zaman stadionlara azarkeş axınını görə bilərik. Futbol azarkeşsiz təsəvvür etmək çox çətindi. Uzun müddətdi futbol oynamışam. Boş tribuanlar görəndə futbolçu məsuliyyəti tam dərk etmir. Oyunçular azarkeşin ondan uğur gözlədiyini tribunaya baxanda görməlidi.
- Digər tərəfdən komadanın adı da azarkeşlərin oyunlarınıza maraq göstərməsinə səbəb ola bilər...
- Əvvəl tək idim. İndi isə prezident, onun köməkçiləri, klub meneceri, baş məşqçinin köməkçiləri var. Ofisimiz də öz yerində. İndidən azarkeşlərin oyunlarımıza cəlb edilməsi üçün iş görən əməkdaşlarımız çalışmalarını davam etdirir. Qısa müddətdə dəstəkləyənlərimizin sayının çoxalacağına inanıram. Elə fürsətdən istifadə edib, azarkeşləri ilk oyunumuza dəvət edirəm. Çünki ev oyunlarımızı keçirəcəyimiz "Əlincə" stadionunda əsl bayram ab-havası yaşanacaq. Sürprizlərimiz də olacaq. Təkcə futbolla yox, bir sıra tədbirlərimizlə də onların rəğbətini qazanmaq niyyətindəyik. Bir sözlə, "Şuşa-Qarabağ" xalqın komandası olacaq! Bunu qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, arzularımız həyata keçəcək. Kiminsə də təklifi varsa, biz onu dinləməyə hazırıq.
Qaynarinfo.az