
Xəbər verdiyimiz kimi, "Neftçi" klubu 2 gün əvvəl sabiq futbolçusu Mahir Şükürovu rəsmən heyətinə qatıb.
Bugünədək mətbuatdan yan qaçan Şükürov Qaynarinfo.Az-a verdiyi eksklüziv müsahibə sözünü yerinə yetirib. Millimizin sabiq futbolçusu müsahibəsində bəzi maraqlı məqamlara toxunub.
- "Neftçi"yə qayıdışınız necə gerçəkləşdi? Qayıdışınızda təşəbbüs kim tərəfindən gəldi?
- Mən özüm "Neftçi" tərəfinə xəbər yolladım. Çox sağolsun ki, "Neftçi" rəhbərliyi və məşqçi heyəti mənim istəyimi nəzərə alıb komandada çıxış etməyimə şərait yaratdı.
- 1,5 ildən sonra oyuna çıxdınız. Düzdür, "Sumqayıt"la yoxlama oyunu rəsmi matç deyildi. Ancaq hər halda ilk hissə meydanda oldunuz. Öz oyununuzu necə qiymətləndirirsiniz?
- Demirəm ki, 100 faiz oynamağa hazıram. Amma hardasa 60 faiz özümü hazır hiss edirəm. Mənə elə gəlir ki, məşqçilər mənə 10-15 dəqiqə oynamağa imkan verəcəklər. Çünki mən birdən-birə 90 dəqiqə meydanda ola bilmərəm. Amma 3-4 turdan sonra bilirəm ki, 90 dəqiqə oynamağa tam hazır olacağam. Özüm "Neftçi"yə qoşulmazdan öncə individual məşqlər edirdim. Ancaq fərdi məşqlər kollektiv məşqlərin yerini vermir. Komanda şəklində məşq edəndə daha həvəslə bunu edirsən. Tək məşqin o qədər də effekti olmur. Sağolsunlar, ilk gündən "Neftçi" məşqçiləri mənə yaxşı hazırlıq keçir. Tezliklə əvvəlki formama düşmək üçün elə gün olur ki, 2 dəfə, elə gün də olur ki, 3 dəfə məşq keçirəm.
- 33 yaşınız var. Etiraf edək ki, "Neftçi"yə qayıdışınız birmənalı qarşılanmadı. Bəziləri sizin təcrübənizin komandaya kömək olacağını irəli sürsə də, uzun müddət oynamamağınızı və yaşınızın çoxluğunu əsas gətirib bu qayıdışı pisləyənlər də oldu...
- Hamının fikirlərinə hörmətlə yanaşıram. Bu yaxınlarda mətbuatda "Neftçi"nin sabiq məşqçisi Kamal Quliyevin mənim haqda tənqidi fikirləri getmişdi. Elə bayaq Kamal Quliyevlə telefonda danışdım. O mənə səmimi şəkildə dedi ki, mən sənin haqda belə söz işlətməmişəm. Mənə dedi ki, hansısa jurnalist özünün sənin haqda demək istədiyi sözləri mənim adımdan yazıb. Bu öz yerində... Uzun müddət futbol oynamamağımın səbəbi isə "Karşıyaka" klubu ilə problemlərimin olması idi. "Neftçi" azarkeşlərinin dəstəyini oyunumla yerdə qoymayacağıma həqiqətən inanıram. Onlara sevgim sonsuzdur. Mənə Allah xarakter verib. Bu xarakter vasitəsilə özümü yenidən göstərəcəyimə inamım böyükdür. Allahın izni ilə nə qədər gücüm varsa, "Neftçi"yə kömək edəcəyəm. Belə baxanda Tərlan Əhmədov və Aslan Kərimov 38 yaşadək, bizim məşqçi İqor Getman 36 yaşadək futbol oynayıb. Demirəm ki, bu yaşadək mən də oynayacağam. Ancaq öz gücümə, əvvəlki formamı bərpa edəcəyimə çox inanıram. İstəyirəm ki, karyeramı da "Neftçi"də bitirim.

- Deyək ki, formanızı bərpa etdiniz. Arzularınız içində milliyə qayıtmaq istəyi də var?
- Millidə cinahlarda asmalarımız çatmır. Özümü tərifləmək istəmirəm. Ancaq mən oynayanda cinahlardan çox asmalar edirdik. 2 dəfə belə vəziyyətdən seçmə mərhələdə qol da vurmuşuq. İstəyirəm ki, millidə Araz Abdullayevlə həmin tandemi yaradaq və hamı bizdən danışsın.
- Ümumiyyətlə, müdafiənin cinahlarında son oyunda dağıstanlı legionerlər - Məhəmməd Mirzəbəyovla Arif Daşdəmirov oynadı. Arif Çexiya ilə matçın ən zəif bəndi idi. Könül istərdi ki, cinahlarda elə öz futbolçularımız çıxış etsin...
- Əlbəttə.
- Deyək ki, milliyə qayıtdınız. Sağ cinahda möhkəmlənmiş Maksim Medvedevlə rəqabət aparmaq çətin olmayacaq?
- Maksim Medvedev keçən dəfə məcburiyyətdən mərkəzdə çıxış etdi. Ancaq bunda problem görmürəm. Mən sağ cinahda oynayanda Maksim də solda oynayacaq. Əvvəllər də belə olub. Ancaq milliyə çağırsalar da sağolsunlar, çağırmasalar da. Hazırda əsas məqsədim "Neftçi"də möhkəmlənib, komandaya kömək etməkdir. Komandanın hazırda turnir cədvəlindəki mövqeyi yaxşı deyil. Hazırda "Neftçi"nin ehtiyat oyunçular skamyasında meydana çıxıb komandaya güc qatacaq oyunçu yoxdur. İnanıram ki, qış fasiləsində komandaya yaxşı transferlər ediləcək. Artıq bir dəfə "Neftçi" ilə tarix yazmışıq. İndi istəyirəm ki, yeni rəhbərlik, yeni məşqçilər heyəti, yeni futbolçular ilə daha bir tarix yazaq.
- "Qəbələ" sizin vaxtınızda "Neftçi"yə 8:0 qalib gələ bilməzdi. Ancaq Azərbaycanın ən qədim klubu olan "Neftçi"nin tarixinə bu nəticə də yazıldı. Necə düşünürsünüz, bu hesab "Qəbələ"nin çox güclü olmasından, yoxsa "Neftçi"nin çox zəif olmasından xəbər verir?
- Məncə, futbolçular artıq əvvəlki məşqçilər heyəti ilə işləməkdən bezmişdi. Futbolçuların nəsə məşqçilərlə problemi vardı. Amma indi baş məşqçi Elxan Abdullayevlə futbolçular arasında münasibətlər düzgün qaydada qurulub. Hamı həvəslə məşq keçir.
- Azərbaycan futbolunda məşqçilərin istefaya göndərilməsi üçün futbolçuların qəsdən zəif oynadığı hallar olub. "Neftçi"nin əvvəlki məşqçisi Tofiq Mustafayevə də "torba əməliyyatı" haqda sual verilmişdi. Sizcə, 0:8-in qeydə alınması futbolçuların qəsdən zəif çıxışının nəticəsi idi?
- Buna inanmıram. Bugünədək "Neftçi"də belə bir şey olmayıb. Komanda nə qədər zəif çıxış etsə də, burda peşəkar futbolçular yığılıb. Sadəcə futbolçulara təzə nəfəs lazım idi... Çempionat uzundur. Bunadək kim "Neftçi"nin xətrinə dəyibsə, biz də onların xətrinə dəyərik. Təbii ki, futbol baxımından. Bu nəticə sadəcə bir təsadüf idi. Oldu, keçdi. Bundan sonra belə olmayacaq, inşallah.
- "Karşıyaka" ilə müqaviləniz yayda bitib. Amma bildiyimizə görə, transfer vərəqiniz Türkiyədə olduğunuz üçün bu gün "Zirə"yə qarşı oynaya bilməyəcəksiniz. Problem nədədir? İncəliklərini açıqlaya bilərdinizmi?
- Türkiyədən bizə sənəd göndərilməlidir ki, Mahir Şükürovun "Karşıyaka" ilə müqaviləsi başa çatıb. "Karşıyaka"nın da bu gün İstanbulda səfər oyunu var. Bizdən fərqli olaraq, onlarda şənbə-bazar ofis işləmir. "Karşıyaka"nın prezidentinin bizə göndəriləcək həmin sənədə qol çəkməsi lazımdır. Bir az səhlənkarlıq etdilər. İstəsəydilər, imza çəkib sənədi göndərərdilər və mən də "Zirə" ilə oyunun iştirak ərizəsinə daxil edilə bilərdim.
- Son olaraq bu məsələdə vəziyyət nə yerdədir?
- Deyiblər ki, bazar ertəsi sənədi göndərəcəklər. İnşallah, növbəti turda "Qarabağ"la prinsipial matçda iştirak ərizəsinə adım salınacaq.
- Verdiyiniz müsahibələrinizdən birində bildirmişdiniz ki, "Karşıyaka" ilə müqaviləniz olduğunuz üçün başqa kluba keçmirsiniz. Keçsəniz, alacağınız maaşdan məhrum ola bilərsiniz. Pullarınızı ala bildinizmi?
- Yox. Hələ FİFA-da işim gedir. Bir neçə futbolçu "Karşıyaka"dan FİFA-ya şikayət edib. Dekabra kimi pullarımı almalıyam.
- Ötən ilin yanvarında Türkiyə mətbuatında 2 aylıq maaşınıza - 55 min dollara görə FİFA-ya klubdan şikayət etdiyiniz yazılmışdı. Bütövlükdə nə qədər alacağınız var ki?
- Bunu açıqlaya bilmərəm.Amma məbləğ həqiqətən də çoxdur. Niyə də bu pulları istəməyim ki? Orda əziyyət çəkmişəm, bu pullar halal zəhmətimin qarşılığıdır.
- Sizdən sonra Kamran Ağayev həmin kluba keçdi. O ora keçəndə maaşların verilmədiyinə dair ona fikirlərinizi çatdırmadınız?
- Kamran ora keçəndə klubda prezident dəyişmişdi. Futbolçulara pulları verilirdi. Sadəcə məşqçiləri uğursuz nəticələr qazandı. Məhz bundan sonra maaşların verilməsi gecikdirildi.
- Kamran Ağayevdən sonra Türkiyənin I dəstəsində çıxış edən futbolçularımız qalmadı. Halbuki bir ara futbolçularımız Türkiyəyə axın etməyə başlamışdı. Bu axının kəsilməsinin səbəbini nədə görürsünüz?
- Pulların verilməməsi səbəbi var. 7 ay sənə pul verilmirsə, neyləməlisən ki?! Klubdan ayrılmalısan da... Mən "Antalyaspor"da oynayanda 21-22 yaşım vardı. Etiraf edirəm ki, ordan ayrılmağım cavanlıq səhvim idi. Ağlım olmadı. Orda qalsaydım, indi Superliqa klublarından birində oynayırdım. Mənimlə "Antalyaspor"da o vaxt oynayan Burak Yılmaz, Volkan Yaman kimi futbolçular idi. Sonradan hər ikisi "Qalatasaray"da çıxış etdi. Burakdan böyük olduğum üçün mənə "Mahir abi" deyirdi. Onunla əlaqəm olmasa da, Türkiyə millisi ilə İstanbulda oynayanda onunla formamızı dəyişmişdik. Bilirsiniz, məndə çox insanlar arasına çıxanda sıxılma kompleksi vardı. Məndən başqa da legioner olmadığından, bazada tək qalırdım. Məşqdən sonra bütün futbolçular evlərinə dağılışırdı. Mən isə nə qədər şəhəri təkbaşına gəzim ki?! Elə oldu ki, "Karvan"dan təklif gəldi. Onda Yunis Hüseynovun məsləhətçisi Ağasəlim Mircavadov idi. Karlos Alberto Torresin vaxtında milliyə çağırılanda dedim ki, Azərbaycana gedirəm, amma qayıtmayacağam. Əvvəl bunu zarafat bilmişdilər. Sonra gördülər ki, doğrudan da qayıtmadım. Həm də "Antalyaspor"a futbolçuları döyən məşqçi - Yılmaz Vural gətirilmişdi. Bir az da buna görə qayıtmaq istəmədim (gülür)... Sizin sualınıza gəlincə, həm də biz əvvəl legioner sayılmırdıq. Keçən ildən isə türkdilli ölkələrin futbolçuları Türkiyə I dəstəsində legioner sayılır. Bir az da bu səbəbdən axın kəsildi.

- "Neftçi"də oyunlara çıxsanız, sizi müdafiənin, yoxsa yarımmüdafiənin sağında görəcəyik?
- Öz mövqeyimdə - müdafiənin sağında. "Sumqayıt"la yoxlama oyununda da bu ampluada çıxış etdim.
- Siz "Neftçi"yə qayıdanda Araz Abdullayev ikinizin şəklini sosial şəbəkədə yerləşdirmişdi. Bilirik ki, "Neftçi"də ən çox ünsiyyətdə olduğunuz futbolçu Arazdır. Onun zəif çıxışını nədə görürsünüz?
- Biz oynadığım dövrdəki Arazla indiki arasında fərq böyükdür. İndi Araz 40 faiz gücü ilə oynayır. Onda motivasiya çatmır. Mən Zaur Tağızadə ilə də, Araz Abdullayevlə də oynamışam. Hər ikisi sürətli futbolçulardır. Mən müdafiəçi kimi onlara dəstək verirdim, deyirdim ki, arxaya gəlməyin, mənlikdir. Bunların hamısı yarımmüdafiəyə dəstəkdir. Onları hücumdan müdafiəyə gəlməyə qoymurdum. Bu futbolçularda həm hücuma, həm müdafiəyə qaçmaq üçün dözümlülük yoxdur. Amma məndə bu var. Ona görə həmişə onlara deyirdim ki, özünüzü çox yormayın, gücünüzü irəliyə saxlayın (müsahibənin bu yerində Araz Abdullayevdən Mahir Şükürova zəng gəlir - red.). Arazın hələ çiçəklənən vaxtları qabaqdadır. Mən də qayıtdıqdan sonra onun yenidən əvvəlki kimi formaya düşəcəyinə inanıram. Onsuz darıxsam da, istəyərəm ki, yenidən legioner həyatı yaşasın. Legioner olanda adam özü də hörmətli olur. Get, xaricdə oyna, 1-2 milyon pul qazan, kim sənə nə deyir ki?! 33 yaşın olanda, gücün çatarsa, qayıdıb Azərbaycanda oynayarsan.
- "Neftçi"yə qayıdanda sabiq prezidentiniz Sadıq Sadıqovla söhbətləşdiniz? Bir növ "halallıq" kimi...
- İnanıram ki, Sadıq müəllim də mənim "Neftçi"yə qayıtmağıma çox sevinib. O, "Neftçi"də ən yaxşı nəticə göstərmiş prezident olub. O mənə halallığını verib...
- 1,5 il ərzində futbol oynamamasınız. Elə vaxt olubmu ki, meydana çıxmaq istəmisiniz və ya bu istəyinizdən dolayı televizorda futbola baxmaq istəməmisiniz?
- Bu hər bir futbolçuda olur. Futbolla yaşayan hər bir insanın qəlbindən bu hisslər keçir. Ümumiyyətlə, oyuna kənardan baxmaq çox çətindir.
- Son sual. Millimizin seçmə mərhələdə 3 oyunda qapısından top buraxmayıb 7 xalla qrupda II yerdə qərarlaşması gözlənilməz olmadı ki?
- Yox! San-Marino yeniləsi komandadır. Norveç bizim vaxtımızda əlimizdən güclə qurtulmuşdu. Çexiyanın isə Avropa çempionatında da nə səviyyədə olduğunu görmüşdük. Biz Çexiyaya Dubayda güclü vaxtında 2:0 qalib gəlmişdik. Ona görə mənim üçün bu nəticələr gözlənilməz olmadı. İndi Şimali İrlandiya ilə oyunu gözləyirəm. 3 il əvvəl Şimali İrlandiyanı 2:0 yenmişdik. Yeri gəlmişkən, mən də cərimə zərbəsindən qol vurmuşdum. Amma indi bu komanda çox güclüdür, Avropa çempionatında qrupdan da çıxa bildilər. Məncə, xallarımızın sayını daha da çoxalda bilərik.
Qaynarinfo.Az