Bu gün Azərbaycan Premyer Liqasında 19-cu turun son iki oyunu keçiriləcək.
Gəncədə "Kəpəz" "Qəbələ"ni, Suraxanıda isə "Qarabağ" "İnter"i qəbul edir. Hər iki qarşılaşmanı prinsipial hesab etmək mümkündü. Uzun müddətdir qələbəyə həsrət qalan "Kəpəz" nəhayət ki, bu sindroma son qoymağa çalışır. Bununla da Nizami yurdunun təmsilçisi azarkeşləri ilə barışmaq niyyətindədi. "Qəbələ" isə ötən tur yüksəldiyi liderlik kürsüsünü qorumaq üçün qələbə qazanmalıdı.
"Azərsun Arena"da isə 2-ci və 3-cü pillələrin sahibləri qarşılaşır. İlk dövrədə "İnter" "Qarabağ"ı məğlub edib, 2-ci qarşılaşmada isə "sülh" qeydə alınıb. Üstəlik, "Qarabağ" "Qəbələ"ni özündən irəli buraxmamaq üçün qələbə qazanmağa çalışacaq. Əks halda "köhlən atlar" çempionluq iddialarına ciddi zərbə vurmuş olacaqlar.
Maraqlıdı ki, Premyer Liqanın sponsoru olan mərc oyunları şirkəti "Topaz" "Qarabağ" - "İnter" qarşılaşmasını proqramına daxil etməyib. Adətən belə hallar üç səbəbdən baş verir.
Birinci halda komandalar arasında səviyyə fərqi çox olmalıdı. O qədər ki, komandalardan birinin aşkar qələbəsi heç kimdə şübhə doğurmasın və iqtisadi baxımdan bu oyuna əmsal qəbul etmək "Topaz" üçün sərfəli görünməsin. Hazırkı halda bu məqamı Suraxanıdakı oyuna aid etmək mümkün deyil. Çünki "Qarabağ" bu mövsüm "İnter"i uda bilməyib və komandalar arasında ciddi səviyyə fərqindən söhbət gedə bilməz.
İkinci halda qarşılaşma tərəflərdən hər ikisi, ya da biri üçün əhəmiyyətsiz olmalıdı. Belədə oyunda sürpriz nəticənin qeydə alınması ehtimalı var ki, bu da bukmeket şirkətinin riski sayılır. Amma bu günkü qarşılaşma hər iki komanda üçün vacibdi. "İnter"in qızıla və gümüşə olan ümidləri ölməyib. Heç 3-cü pillə belə təmin olunmayıb. Deməli, bu məqam da "Topaz"ın qərarına təsir etmir.
Gəlirik 3-cü ehtimala. Bu isə bukmekerlər üçün ən arzuolunmazdı. Söhbətin "danışılmış oyunlar"dan getdiyini anladınız. Olmaya, "Topaz"ın xəfiyyələri "Qarabağ"la "İnter" arasında hansısa gizli danışıqdan xəbər tutublar? Yoxsa, aylardı maaş üzünə həsrət qalan "İnter" futbolçularının oyunu "qumara qoymasından" ehtiyatlanırlar? Bunu iddia etmək istəməzdik. Amma yuxarıda sadaladığımız məqamlar üzündən başqa ehtimala əlyeri qalmır.
Əgər belərdirsə, "Topaz"ın sponsorluq etdiyi çempionatı şübhə altına alması heç də xoş görüntü deyil. Bu addım Azərbaycan Premyer Liqasının nüfuzuna ciddi zərbədir.
Məsələylə bağlı mərc şirkətinin mövqeyini öyrənməyə çalışacağıq.
Qaynarinfo.Az
Mənbə: sport7.az