
Müqavilə ilə "Xəzər Lənkəran"a məxsus olan futbolçu Elnur Cəfərovun cari mövsümü ölkə xaricində keçirmək istəyi tam xətm olunmayıb.
Qaynar.info xəbər verir ki, klubların pul məsələsinə görə Serbiyanın "Spartak" klubuna keçidi alınmayan 18 yaşlı Elnur indi daha yaxşı yerdə - İspaniyada çıxış edə bilər.
Söhbət hazırda Sequndada (I dəstə) çıxış edən "Real Ovyedo" klubundan gedir. "Xəzər Lənkəran"dan əldə etdiyimiz məlumata görə, atası klubdan oğlunun İspaniyaya yollanması üçün icazə istəyib. İcazə verilincə, Elnur bu gün Pireney yarımadasına - Ovyedo şəhərinə yola düşüb. O, həftə sonuna kimi bu klubda baxışda olacaq. Bəyəniləcəyi təqdirdə "Xəzər Lənkəran"la transferə görə danışıqlara start veriləcək.
Qeyd edək ki, Meksikadan bir şirkətə məxsus olan klubda baş məşqçi Serxio Exeadır. 3 dəfə La Liqanın bürünc medallarını qazanmış "Real Ovyedo" yenidən elitaya qayıtmağa namizəddir. Ovyedo təmsilçisi 42 xalla hazırda Sequndada III pillədə qərarlaşıb və La Liqaya vəsiqə verən II pillədən cəmi 1 xal geri qalır.
Onu da bildirək ki, bu transfer reallaşsa, Sequndada çıxış edən millimizin 2 futbolçusu olacaq. Digəri "Real Ovyedo"ya elitaya çıxmaq uğrunda rəqib olan "Kordoba"nın futbolçusu Eddi İsrafilovdur. O, fevralın 1-dən bu klubda icarə əsasında çıxış edir.
Qaynar.info