
Məlum olduğu kimi, AFFA-ya UEFA və digər mənbələrdən daxil olan məlumatlara görə, danışılmış oyunlarda şübhəli bilinən 24 nəfəri araşdırma başa çatanadək futboldan uzaqlaşdırıb. Uzaqlaşdırılanlar arasında AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun qardaşı oğlu, "Bakılı" klubunun yarımmüdafiəçisi Xəzər Qəribov da var.
Qaynarinfo.Az bu məsələ ilə bağlı Şakir Qəribovun fikirlərini öyrənib.
Gözlədiyimiz kimi, o, qardaşı oğlunun günahsız olduğuna inandığını bildirib: "Hələ onun adının orda olması onun günahkar olması demək deyil. Çox adamın adı orda var. Mən onun belə iş tutacağına inanmıram. O uşaq elə uşaq deyil. Xəzərin adını ora salmaqla düz etməyiblər. O, neçə oyundur ki, "Bakılı"da oynamır (halbuki cəmi son 2 matçda meydana çıxmayıb - red.). Deyir ki, mən bu klubda oynamaq istəmirəm. Çünki o komandada futbol yoxdur. Bu söhbət çıxandan sonra uşağın özü də pis olub ki, mən futbol oynamaq istəyirəm, amma mənim adım harda hallanır. "Bakılı"dan çoxdan çıxmaq, qışda özünə komanda tapmaq istəyirdi. Amma əgər onun günahı sübuta yetirilsə, razıyam ki, futboldan qovulsun. Həyatı boyu belə şeyi pisləmişəm".
"Xəzər TV"nin jurnalisti Ceyhun Rzayev sosial şəbəkədə yazdığı statusda Xəzər Qəribovun əmisinin tapşırığı vasitəsilə ötən mövsüm "Kəpəz"də yer aldığını bildirib. Bir sözlə, Şakir Qəribov bir müddət Məşqçilər Komitəsində də yer almış Şahin Diniyevə qardaşoğlunu komandasına götürməsini xahiş edib.
Lakin bu sualımız Qəribovun heç xoşuna gəlmədi: "Onu Şahin Diniyev komandasına götürübsə, bunun mənə dəxli yoxdur. Mən kiməm ki, bu məsələyə qarışım. Onun "Kəpəz"ə keçməsindən xəbərim olmayıb. Şahin müəllim "Kəpəz"in baş məşqçisidir, bu futbolçunu niyə komandaya götürdüyünü ondan soruşun, məndən yox. Mən ona deyəsiyəm ki, qardaşım oğlunu komandaya götür? Şahin müəllimlə bir yerdə işləmişəm. Ancaq həyatı boyu ona qardaşım oğlunu komandaya götürməsini xahiş etmərəm. Mən o adamlardan deyiləm, peşəkaram. Qardaşım oğlu da olsa, pis oynasa, deyəcəyəm ki, rədd edin, çıxsın getsin. Mən bu uşağı götürsəydim, o vaxt AZAL-da işləyəndə baş məşqçi Vaqif Sadıqova deyib əvəzedici heyətdən onu əsas komandaya çağırardım. Özüm neçə il aşağı yaş qrupları üzrə millidə işləmişəm. Elə idisə, özüm onu milliyə götürərdim də. Uşağın yaşı da çatırdı".
Qaynarinfo.Az