
14 avqust günorta saatlarında Mərdəkan-Buzovna-Bilgəh yolunun Bilgəh qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş vermişdi. "Qarabağ" klubunun meneceri Asif Əsgərovun idarə etdiyi "Mitsubişi Pajero" markalı avtomobil eyni zolaqda hərəkətdə olan "Opel" markalı maşına arxadan çırpılmışdı. Hadisə zamanı onun valideynləri və ailə üzvləri də avtomobildə yer alıb.
Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, Bilgəhdəki sanatoriyadan qayıdan Əsgərovlar ailəsi hazırda Baku Medikal Plazada yatırlar. Bu üzdən Asif Əsgərovun həkimini taparaq onun durumunu öyrənməyə çalışdıq.
Plastik-cərrah Rauf Kərimovun sözlərinə görə, xəstənin sol qolunun toxumaları zədələnib: "Asif artıq 5-6 dəfə əməliyyat olunub. Lakin bunu əməliyyat adlandırmaq da düzgün olmazdı. Bu, daha dəqiq desək, "təmizlik" sayılır. O bizə təcili yardım maşını ilə xəstəxanaya gətirilmişdi. Hal-hazırda vəziyyəti yaxşıdır, gəzir, yeməyini yeyir. Sol qolunun dirsək nahiyəsində dəri altı toxuma yoxluğu vardı. Oranı da toxuma ilə örtəcəyik, inşallah, bir problem olmayacaq".

Kərimovdan onun xəstəxanadan nə vaxt çıxacağını da öyrəndik: "Yaxında yenə onu böyük əməliyyata alacağıq. Ondan sonra 2-3 həftə gözləyəcəyik. Sonra daha bir əməliyyat olacaq. Təxminən 1 aya o, xəstəxanadan buraxılacaq".
Qeyd edək ki, İsveçə səfər öncəsi Asif Əsgərov avtoqəza etdiyindən "Qarabağ" Skandinaviyaya onsuz yola düşmüşdü.
Qaynarinfo.Az