Son günlər himnimizin sözlərinin dəyişdirilməsi ilə bağlı müzakirələr səngimək bilmir.
Qaynar.info xəbər verir ki, millət vəkili Fazil Mustafa növbəti dəfə bu məsələyə toxunub. O bildirib ki, himnimizin sözlərinin müzakirəsi hazırda aktuallığa çevrilməməli olsa da, ancaq bu müzakirənin aparılmasına da heç kim qarşı olmamalıdır:
"Himnimizdən başqa müzakirə etməyə daha vacib mövzular var!" Azərbaycan obıvatelinin sevdiyi ifadədir. Məsələn, mən himndən də vacib bir mövzunu hər gün paylaşıram: Mütailə, Kitab oxumaq, Maariflənmək... Oxuyub tamamladığım kitablar barədə bilgi verirəm. Bu adamlardan bir reaksiya yox. Bəyənənlərin də sayı o biri mövzulardan qat-qat azdır. Dünən liftdən əlində yanar siqaretlə çıxan qonşu ağsaqqalla üz-üzə gəldik. "Müəllim, bu hökumət niyə biz kasıbları düşünmür?" dedi. Dedim ki, sən bu liftə girəndə buraya minəcək və siqaretin tüstüsündən rahatsız olacaq qadınları, uşaqları düşünürsənmi ki, hökumət də sənin kimiləri düşünsün? Əslində Azərbaycanda insanlarımızın çoxusu özünə aid funksiyanı doğru-dürüst yerinə yetirmədən başqasının sahəsinə girib nəyisə tələb etməyi özünə rəva bilir.
Anlatmaq istədiyim budur ki, bütün mövzular aktualdır, toxunulmaz mövzular yoxdur, cəmiyyət hamısını müzakirə və mübahisə edərək inkişaf edər. Bu səhifə mənim intellektual mülkiyyətimdir, ağlıma, düşüncəmə görə aktual və vacib bildiyim mövzuların seçimini etməkdə tam sərbəstəm. Şəxsən mən hansısa şəxsin statusundakı mövzu maraq dairəmə uyğun olmadıqda sakitcə nəzər salıb keçirəm. Daha yazmıram ki, niyə "Barselona"nın oyunu dura-dura "Kəpəz"dən yazırsınız? Kimsə nəyisə bəyənib-bəyənməyə bilər. Hansısa mövqeyimizi yanlış və ya doğru hesab edə bilər. Buna bir sözüm yox. Kimsə inciməsin, ən ərdəmsiz mövqe "daha vacib mövzular dururkən, filan mövzunun müzakirəsinə nə gərək var" deyilməsidir".
Qaynar.info
Şərhlər