Xəbər lenti

"Yeni ev" MTK-dan prezidentə şikayət olundu
Ölkə13:04 26.08.2013

"Yeni ev" MTK-dan prezidentə şikayət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərində yeni, çoxmərtəbəli evlər tikən şəxslərin və onların şirkətlərinin insanlara hansı münasibət göstərdiyi məlumdur. Yalançı, 3-5 günlük şirkətlər yaradaraq insanları aldadan, pullarını mənimsəyən işbazlar barədə mediada davamlı məlumatlar gedir. Təəssüf ki, problemi birdəfəlik həll etmək mümkün olmur.

Belə şikayətlərdən biri də Bizimxeber.az-a gəlib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına ünvanlanan müraciətin bir nüsxəsini də bizə gönrədən Nizami rayon, Özbəkistan küçəsi, 2436-cı məhəllədə yaşayan (yaşamalı olan) vətəndaşlar, problemin tezliklə həllinə ümid edirlər.

Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident! 

Sizə müraciət etməyimizin səbəbi, şikayətimizin bizim üçün həyati vacib bir məsələ olmasında və müxtəlif səlahiyyətli orqanlara etdiyimiz çoxsaylı şikayətlərin cavabsız qalmasındadır. Ölkədə demək olar ki, insanların tək ümüd yeri Sizsiniz.

Bizim şikayətimiz hələ 2006-cı ildə «Yeni ev» MTK tərəfindən inşasına başlanılan və gələcək sakinlərlə bağlanılan müqaviləyə əsasən 2009-cu ildə tikintisi başa çatmalı olan, lakin indiyə qədər ala-yarımçıq qalan binanın tamamlanmamasındandır. 

Qeyd edək ki, «Yeni ev» MMC-nin sahibi, polis orqanlarının keçmiş işçisi olmuş İxtiyar Qafarovdur. Qeydiyyat sənədlərinin həmin şəxsin adına olmasına baxmayaraq, qeyd olunan bina, Rusiyada yaşayan 4 sahibkarla birlikdə şərikli tikilib. Lakin, sakinlərlə bağlanılmış müqavilədə göstərilən vaxtdan 4 il keçməsinə baxmayaraq, bina hələ də sakinlərin tam istifadəsinə verilməyib. Bina istifadəyə tam hazır olmadığı üçün dövlət komissiyası tərəfindən qəbul edilmir”.

Binada tikinti işlərinin bitməyəcəyini görən 100-ə yaxın bina sakini yaşamağa yerləri olmadığı üçün məcburiyyət qarşısında binaya köçüblər. Lakin heç bir məişət şəraiti olmayan binada yaşamaq mümkünsüzdür: “Binanın həyətində sakinlər üçün istirahət parkı nəzərdə tutulsa da, bu istiqamətdə heç bir müsbət iş görülməyib. Hazırda həmin binanın həyətində 5-6 qaldırıcı qurğu quraşdırılıb ki, bunlar vasitəsilə sakinlərə maliyyə vəsaiti qarşılığında tikinti materialları qaldırılır. Binanın həyəti tikinti materialları, qaldırıcı kran və mexanizmlər, cərəyan altında olan 3 fazalı qəzalı vəziyyətdə açıq kabellər olmasına baxmayaraq, uşaqlarımız məcburiyyət qarşısında həyətdə oynayır və bu da onların həyatı üçün real təhlükə yaradır. Ümumiyyətlə binada heç bir təhlükəsizlik tədbirlərinə riayət olunmur”. 

Sakinlər bildirir ki, bu barədə bina sahibi İxtiyar Qafarova dəfələrlə şikayət etsələr də, heç bir nəticə əldə olunmayıb. İş o yerə çatıb ki, artıq binanı tikənlər sakinlərlə görüşməkdən imtina edir və maliyyə vəsaitlərinin olmamasını əsas gətirərək işləri yekunlaşdıra bilmədiklərini deyirlər: “Lakin maliyyə sıxıntısı çəkdiyini bildirən İ.Qafarov və digər 4 ortağı binanın zirzəmisi və birinci mərtəbəsində onlara məxsus restoran, market, çayxana və digər obyektlərini təmir etdirərək icarəyə verməyə pul tapırlar. Bundan başqa, maliyyə sıxıntısı yaşayan İ.Qafarov Biləcəri qəsəbəsi və Gənclikdə yeni binalar inşa etdirir”.

Müraciətdə qeyd olunur ki, binanın zirzəmisində 391 nəfər sakin üçün nəzərdə tutulan avtomobil dayanacağı da təyinatı üzrə deyil, ticarət obyektlərinə çevrilməkdədir. Satılan mənzillərin, zirzəminin və digər sahələrin pulları isə binanın tamalanmasına sərf olunmur və ortaqlar tərəfindən mənimsənilir. Bu isə nəticə etibarı ilə sakinlərin etirazına səbəb olur. Etiraz edənlərə isə deyirlər ki, “bina hələ təhvil verilməyib, evlərinizi bizə ucuz qiymətə satın və başqa yerə köçün”. 

Sakinlər bildirir ki, hazırda binanın tamamlanmasında 4 nəfər fəhlə və bir iş icraçısı guya, “iş görür”. Onların əsas fəaliyyəti isə İ.Qafarova aid şəxsi ticarət obyektlərininin tikinti işlərini həyata keçirməkdən ibarətdir. 

Sakinlər qeyd edir ki, hətta bu fəhlələrin pulunu da onlar ödəməli olurlar: “Bu fəhlələrin maaşı, heç bir xidmət göstərməsə də, komunal xərclər adı altında sakinlərdən hədə-qorxu ilə yığılan pullar hesabına ödənilir. Bundan imtina edənlərin elektrik enerjisi kəsilir. Bina ümumiyyətlə, istilik sistemi və təbii qazla təchiz olunmayıb. Xüsusilə də, qış aylarında sakinlər evlərini isitmək məqsədilə, elektrik enerjisindən istifadə edir ki, bu da bizə təqribən 350-400 manata başa gəlir. Aylıq büdcəsi 350-500 manat civarında olan sakinlər bu məbləği ödəyə bilmir və nəticədə qışın soyuğunda elektrik enerjiləri dayandırılır”.

Sakinlərin narazı olduğu daha bir hal isə liftlərlə bağlıdır. Məsələ burasındadır ki, hündürmərtəbəli binanın lift sistemi də işləmir. Hətta bəzi blokların lifti, sakinlərin şəxsi hesabına qoyulub. Binada məcburiyyətdən yaşayan insanlar lift olmadığından, heç bir işıqlandırma sisteminin mövcud olmadığı qaranlıq pilləkənlərdən istifadə etmək məcburiyyətində qalırıq ki, bu da xüsusən uşaq və qadınlar üçün təhlükə deməkdir. 

Sakinlərin qənaətinə görə, yerli icra və nəzarət orqanlarına dəfələrlə edilən şikayətlərin nəticəsiz qalmasının səbəbi, həmin işbazların, rüşvət müqabilində nəzarətedici strukturların «üzdəniraq» nümayəndələrini razı salmasıdır: “Burdan belə bir sual yaranır, tikintisinə hələ 2006-cı ildə başlanılmış binanı maliyyə problemlərini əsas gətirərək yekunlaşdırıb istifadəyə verməyən sahibkar İxtiyar Qafarov, necə olur ki, Biləcəri qəsəbəsi, Mehdizadə küçəsi, 5049-cu məhəllə ünvanında "Beş Ulduz" MMC adı altında 12 mərtəbəli yeni bina inşa etdirir? Necə olur ki, İxtiyar Qafarov növbəti 16 mərtəbəli yaşayış binasını "Star" MMC adı altında Nərimanov rayonu, Qulu Quluyev küçəsi 48 ünvanında inşa etdirə bilir?” 

Sakinlər hesab edir ki, burada problem maliyyədə deyil. Problem bu şəxsin dələduzluq əməllərindədir və növbəti qurban həmin yeni tikilən binaların sakinləri olacaq.

“Cənab Prezident, biz sakinlər bilmək istəyirik ki, binanın tikilərək tam şəkildə istifadəyə verilməsi, sahibkarın maddi vəziyyətindən asılıdır, yoxsa, tikinti şirkətinin dövlətin müvafiq qurumları qarşısında götürdüyü öhdəlikdən. İxtiyar Qafarov və bunun kimi dələduzluqla məşğul olan cinayətkar şəxslər, bu əməlləri ilə hökuməti əhalinin gözündən salır və narazı xalqı üsyana sövq edir. Yuxarıda yazılanları nəzərə alaraq, biz sakinlər xahiş edirik ki, dələduzluqla məşğul olan, insanları aldatmaqla pullarını mənimsəyən  "Yeni ev" MMC-in sahibi İxtiyar Qafarov cinayyət məsuliyyətinə cəlb olunsun, yaşayış binası isə fırıldaqçı işbazların əlindən alınaraq dövlətin balansına keçirilsin.

Hörmətli cənab Prezident! Seçki öncəsi bu növ işbazların, sakinləri hökumətin fəaliyyətindən narazı salmasının səbəbi bizim üçün qaranlıq olaraq qalmaqdadır. Xahiş edirik, bu səbəbin aydınlaşdırılmasını səlahiyyətli orqanlara həvalə edəsiniz və bizim dözülməz əziyyətlərimizə son qoyasınız. Aidiyyatı orqanlara müraciətlərimiz cavabsız qaldığı üçün, son ümid yerimiz Sizsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk. Hörmətlə, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 2436-cı məhəllə ünvanında yerləşən binanın sakinləri”./bizimxeber.az/