
"Zamin Bank"ın "Cəlilabad" Filialında maliyyə böhranı yaşanır.
Bu barədə Qaynar.info-ya vətəndaş Elşən Feyzullayev məlumat verib.
Onun sözlərinə görə, "Zamin Bank"ın Bakıdakı Mərkəzi ofisindən "Cəlilabad" Filialına 40 min manatlıq pul köçürülüb. Bu pulun isə Cəlilabadda təsərrüfat sahələrində çalışan şəxslərə çatacağı bildirilir. Həmin vəsait onların bazara çıxardığı malların puludur.
Malı qəbul edib bazara çıxaran sahibkarlar pulu bank vasitəsi ilə göndəriblər. Lakin bankın Cəlilabad Filialı pulun böyük məbləğ olduğunu əsas gətirərək ödəyə bilmədiyini deyir. Daha doğrusu, bankda bu qədər vəsaitin olmadığı bildirilir.
Maraqlıdır ki, "Zamin Bank"ın Bakıdakı ofisi bu məbləği qəbul edib, amma rayon şöbəsi pulu ödəməkdən çətinlik çəkir. Vətəndaşlar isə bir neçə gündür ki, bankdan asılı qalıblar.
Məsələ ilə bağlı "Zamin Bank"ın "Cəlilabad" Filialının müdiri Alim Qurbanovla əlaqə saxlaya bilmədik.
Mövzunu diqqətdə saxlayacağıq.
Qaynar.info