Xəbər lenti

"Zərərçəkən" İntiqam Əliyevin məhkəməsində yenə dava saldı
Ölkə09:32 10.03.2015

"Zərərçəkən" İntiqam Əliyevin məhkəməsində yenə dava saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Onun vəkili Nemət Heydərov da jurnalistlərin ünvanına var-yox söyüşü işlədib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi zərərçəkən Gülşən Orucovanın bacısının İntiqam Əliyevin vəkillərinin suallarına cavab verməsi ilə başlayıb. 

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, məhkəmə prosesində zərərçəkən kimi tanınmış Gülşən Orucovanın bacısı vəkilin bəzi suallarına cavab verə bilməyib və bu zaman dava salıb.

Bundan sonra Gülşən Orucova da heç bir səbəb olmadan ayağa qalxıb və mətbuatın ünvanına təhqiramiz ifadələr işlədərək ortalığı qarışıdırıb. O, jurnalistləri "erməniyə işləmək"də suçlayıb və hamısını təhqir edib. G.Orucovanın bu sözləri zalda etirazla qarşılanıb. Jurnalistlər ona təpki göstəriblər. G.Orucova sakitləşməyib, və jurnalistləri təxribata çəkməyə çalışıb. Onun vəkili Nemət Heydərov da öz müvəkkilinə qoşularaq jurnalistlərin ünvanına var-yox söyüşü işlədib.

Yaranmış vəziyyətdən sonra hakim prosesi təxirə salmaq məcburiyyətində qalıb və məhkəməni martın 17-nə təyin edib.

Xatırladaq ki, ötən dəfəki prosesdə bu qadın eyni hərəkəti etmiş, müdafiə tərəfinin vəkilləri ilə əlbəyaxa qarşıdurma yaratmışdı. Keçən dəfə olduğu kimi, bu dəfə də polislər və İntiqam Əliyev baş verənlərə müdaxilə etmək məcburiyyətində qalıb. 

Qaynar.info