Xəbər lenti

"Zirə" "Qaynarinfo"nun xəbərini doğruladı: Bonilya Portuqaliyada!
İdman12:35 16.06.2016

"Zirə" "Qaynarinfo"nun xəbərini doğruladı: Bonilya Portuqaliyada!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salvador millisinin hücumçusu Nelson Bonilyanın yeni klubunun adının Portuqaliyanın "Nasional" olduğu dəqiqləşib.

Qaynarinfo.az xəbər verir ki, bu barədə "Zirə" klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Məlumatı təqdim edirik:   

"Məlumat verdiyimiz kimi, Nelson Bonilya ilə ötən il imzaladığımız müqaviləyə əsasən “Zirə” PFK anlaşmanı daha 1 il uzatmaq hüququndan istifadə etmişdi. Bu müddətdə hücumçumuzun transferi ilə bağlı bir neçə klubdan təklif almışdıq. Bonilya bizim üçün də önəmli futbolçudur və təbii ki, bu üzdən müqavilənin müddəti uzadılmışdı. Ancaq futbol həm də biznesdir. Marketinq baxımından inkişafa nail olmaq, maddi qazanc əldə etmək istənilən peşəkar klubun ən vacib hədəflərindən biridir. Rəsmi müraciətlər arasında Portuqaliyanın “Nasional” klubunun təklifinin klubumuzun siyasəti və hədəfləri baxımından daha uyğun olduğu qərara alındı. Düzdür, digər klubların təklifləri maddi baxımdan daha sərfəli idi, amma həm “Zirə” PFK-nın, həm də Azərbaycan futbolunun imici baxımından bu varianta üstünlük verildi. Portuqaliyada Azərbaycan futboluna maraq yaratmaq, yaranacaq əlaqənin gələcək perspektivi baxımından da “Nasional”ın təklifi cəlbedici oldu. “Zirə” PFK olaraq, futbolçumuzun Portuqaliya çempionatında çıxış etməsi və orada klubumuzun adının çəkilməsi bizim üçün daha vacibdir. Artıq Portuqaliya təmsilçisi ilə razılaşma əldə olunub və futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqaviləyə imza atacaq".

Qeyd edək ki, Nelson Bonilyanın "Zirə"dən ayrılacağı xəbərini ilk olaraq Qaynarinfo.az yayıb. Sonra o, Salvador mətbuatına klubundan ayrılmaq istədiyini bildirib. Az öncə isə saytımız "Zirə"yə transfer haqqı ödəməkdə "Nasional"dan başqa, İsveçrənin I dəstə klubu "Vil"in də maraqlı olduğu barədə xəbər yayıb. Göründüyü kimi, "Zirə" "Nasional"ın təklifini dəyərləndirib.

Qaynarinfo.az