
Yaralının döyüş yoldaşı bildirib ki, hazırda Zaur Həsənov həkim nəzarəti altındadır və vəziyyəti ağır olaraq qalır
Kriminal "Özünü yandıran Qarabağ əlili Zaur Həsənovun yaşamaq şansı 1 faizdir". Bu barədə ANS PRESS-ə 5 saylı şəhər xəstəxanasında olan yaralının döyüş yoldaşı, Qarabağ Veteranları Şurasının mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib. O deyib ki, hazırda Zaur Həsənov həkim nəzarəti altındadır və vəziyyəti ağır olaraq qalır:
"Təəssüf ki, həkimlər onun yaşama şansının çox az olduğunu deyirlər. Onun təzyiqi aşağı düşüb. Zaur həyatla mübarizə aparır. Həyatı qalıb Allah ümidinə".
Qeyd edək ki, bu gün qarabağ əlilini Mübariz Qurbanlı, Siyavuş Novruz və bir sıra digər rəsmi orqanların nümayəndələri ziyarət ediblər. Səhiyyə Nazirliyinin nümayəndəsi də yaralının vəziyyəti ilə tanış olub.
Qeyd edək ki, Prezident İlham Əliyev Qarabağ əlilinin özünü yandırmasına reaksiya verib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şəbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən çox narahat olub və sarsılıb:
“Cənab Prezident müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar verib. Ümid edirik ki, Zaur Həsənov tezliklə sağalıb öz ailəsinin yanına qayıdacaq”.
Xatırladaq ki, ikinci qrup əlil, 5 uşaq atası Zaur Həsənov 2 gün öncə üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z. Həsənovun həyatı xilas edilib. O, əraziyə çağırılan təcilli yardım ilə xəstəxanaya aparılıb.
Qaynar.info