İdman 10:01 24.05.2023

Qurban Qurbanov beynəlxalq mükafata layiq görüldü

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA-nın təqdimatına əsasən "Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.
 
Qaynarinfo-nun məlumatına görə, mütəxəssis Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (International Fair Play Committee (CIFP)) Şurası tərəfindən yüksək mükafata – 2022-ci ildə İdman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə "Jean Borotra - Karyera” kateqoriyasında Dünya Fair Play Diplomuna layiq görülüb. 

Qurban Qurbanov bu şərəfə 2022-ci ilin 24 fevralında UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" oyunundakı dünyaya səs salan ədalətli jestinə görə layiq görülüb. 
 
Bu barədə AİJA-ya CIFP-dən məlumat verilib.
 
Məlumata görə, baş məşqçi anadan olmasının 50-ci ildönümündə də Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidentindən olduqca səmimi təbrik məktubu almışdı. İndi isə daha bir mötəbər mükafatın sahibi oldu.
 
Ötən ilin yekunlarına görə "Jean Borotra World Fair Play Career" mükafatına dünyadan cəmi 4 nəfər layiq görülüb – azərbaycanlı Qurban Qurbanov, amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay.
 

 
Səbuhi Həsənov