Xəbər lenti

Qurban Qurbanov: "Bu, təxribat deyil, kiçik hadisədir"
İdman09:54 23.02.2022

Qurban Qurbanov: "Bu, təxribat deyil, kiçik hadisədir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq "Qarabağ” –"Marsel” matçından öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Qaynarinfo xəbər verir ki, mütəxəssis bunları söyləyib:
"Qışdan sonra Azərbaycanda belə oyun keçirilməmişdi. Azarkeşlərimiz də çox istəklidir. Bizə ümid etdiklərinə görə hər birinə təşəkkürümü bildirirəm. Çox yaxşı baş məşqçisi və futbolçuları olan komandaya qarşı oynayırıq. Həmin oyuna qədər həm rəqibin oyunlarını həm də futbolçularını analiz etmişdik.  Səfərdəki oyunda rəqibin gücünü daha yaxşı bildik. Futbolçularıma da demişəm, həqiqətən yaxşı oyun göstərmək istəyirik. Azarkeşlərin istirahət etməsini istəyirik. Bir anlıq hər şeydən uzaqlaşsınlar və yaxşı mübarizənin şahidi olsunlar. Son oyunda məğlub olmağımıza baxmayaraq bizi daha da ciddiyə alacaqlar. Bu bizə mane ola bilər. İnanıram ki, futbolçularım ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Bunu onlardan tələb edəcəyəm”.
- "Marsel”in adı üstündədir. "Qarabağ”a sabah 2-3 top vurmaq lazımdır. Bunun üçün nə baş verməlidir?
- Daha böyük uğurlar əldə etmək istəyiriksə bir yolumuz olmalıdır – daim yaradıcılıq və hücum futbolu. Son vaxtlar bunu həddindən çox tətbiq etməyə başlamışıq. Azərbaycan futbolu üçün belə addım atmağı düşünmüşəm ki, futbolçularda özünə inam olsun, psixologiya dəyişsin. Hər oyunda qol vurmaq üçün meydana çıxırıq. Futbolçularda belə psixologia yaratmışıq. Bu asan deyil, bəlkə də Azərbaycan futbolu üçün ən çətin yoldur. Rəqibin kimliyindən asılı olmayaraq, böyük risklərə gedəcəyik. Baxmayaraq ki, fərdi şəkildə yaxşı bacarıqları olan futbolçuların, kollektivin qarşısına çıxacağıq. Qol və qollar vurmaq üçün özümüzü hazırlayırıq. Eyni zamanda qol buraxmamaq üçün diqqətli olmalıyıq. Azarkeşlərin futbola inamını geri qaytarmağa çalışırıq. Bunun üçün mübariz komanda olmalıyıq. Belə addımları daha ciddi rəqiblərə qarşı atanda, işimiz sürətlənər. Sabah qarşımızda "Marsel” deyil, başqa klub da olsaydı, fikirlərimizdə qalacaqdıq. 
- Marseldəki oyunda səhvlər də vardı. Ən çox da Luka Quqeşaşvilinin səhvləri müzakirə olundu. Onunla söhbət etdinizmi? Sabahkı oyunla bağlı onunla hansısa xüsusi söhbətiniz olacaqmı?
- Futbolçularımın səhvlərini tam açıq şəkildə müzakirə etməyi, onların üzərinə çox getməyi xoşlamıram. Lukanın ən üstün cəhətlərindən biri onun daha soyuqqanlı olmasıdır. Bunlar sadəcə texniki səhvlərdir və heç kim sığortalanmayıb. Avropada tanınmış qapıçılar, elə səhvlər edir ki, bağışlanılmazdır. Biz belə böyük oyunlarda az hallarda iştirak edirik deyə bəlkə də bu qlobal məsələyə çevrilib. Qapıçı ilə təkcə bu oyunda deyil, əvvəllər də söhbətim olub. Qapıçıya lazım olan hər bir xüsusiyyət onda var. Futbolçu inkişaf üçün daim bütün turnirlərdə çıxış etməlidir. Yəqin siz də razılaşarsınız, onun potensialı, yaxşı qurtarışları var. Bunlar elə səhvlərdir ki, daha istəkli məşq etməklə aradan qaldırmaq mümkündür. Digər futbolçularımızda təcrübə var. Belə turnirlərdə, qruplarda iştirak etmişik. Ona iradlarımı bildirmədim. Çox normal şəkildə söhbətimiz oldu. Daha çox psixoloji baxımdan hazırlaşdırmağa çalışdım. Belə oyunlarda səhvlər çox görünür. Çünki qələbə qazanmaq istəyirik. Bəzən rəqiblərin də səhvləri olub ki, ondan istifadə etmişik. Hər bir halda qapıçıya güvənirəm. İnanın ki, o da ən yaxşısın etmək, qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, tezliklə səhvlər aradan qaldırılacaq. Qapıçıların səhvi daha çox müzakirə olunur, bütün dünyada belədir. Hər insanın xarakteri fərqlidir. Biz də onu fərqli tonda yaxşı səviyyəyə gətirib çıxarmağa çalışırıq.
-  İsti münasibətinizə görə təşəkkür edirəm. Bakıdakı oyunda hücumameyilli oyun sərgiləməyə çalışacağınızı dediniz. Nəyə görə hücum taktikasını və müdafiədən oynamamağı seçdiniz?
- Maraqlı sualdır. Həmişə fəlsəfəmiz hücumda oynamaq olub. Daha çox yaradıcı olmaq istəyirik. Futbolçuda özünə inam o vaxt yaranır ki, daha güclü rəqiblərlə oyunda müdafiədə oturmur. Rəqibin üzərinə getdikcə özlərini inkişaf etdirirlər. Bizə qol vurmaq, hücumda oynamaq lazımdır. Bu sualı nəyə görə verdiyinizi anladım. Çünki Fransada bəzi komandalar sırf müdafiədən oynamaqla "Marsel”i məğlub edirlər. Hər bir halda gələcəyi düşünürəm və daha güclü komanda olmağa çalışırıq.
- Fransada "Qarabağ”a qarşı təxribat komandaya nə dərəcədə təsir göstərdi?
- İnanın ki, ona zərrə qədər də önəm vermədim. Torpaqlarımız bizdə olmayanda rəqiblərdən həmişə ehtiyatlanırdıq. Məğlub olmaq istəmirdik. Çünki Qarabağ köçkünləri neçə illərdir əziyyət çəkirdilər. Doğma torpaqların arzusundaydılar. Bizim nəticələrimizə baxıb fərəhlənirdilər. Dəfələrlə təxribatlar olmuşdu. Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb eləmir. Azərbaycan komandası olaraq hər yerə başı dik gedirik. Torpaqlarımızı qaytarmışıq. Dünya futbolunda belə hallar, yəni təxribatlar olur. Bunu təxribat kimi qəbul etmirəm. Çox kiçik bir şeydir. Heç bir narazılığım yoxdur. Bizim bayraqlarımız öz torpaqlarımızda ucalıb. İnşallah, sabah stadionda bayraqlarımızın sayı həddindən çox olacaq. Ona görə də öz işimizlə məşğul olmağa çalışırıq.
- İlk oyunda komanda xeyli qol vəziyyətləri yaratdı, yalnız birindən istifadə edə bildi. Sabah heyətdə dəyişiklik gözlənilirmi? Xüsusən də Abbas Hüseynovu heyətdə görəcəyikmi?
- Dəfələrlə demişəm, bizim həm Bakıdakı, həm  Avropadakı oyunlar arasında sürət və dinamika baxımından həddindən çox fərq var. Bəzi elemetləri görürük bəzilərini yox. Bu komandalara qol vurmaq heç də asan deyil. Rəqib müdafiəçilərin epizoda daha tez müdaxilə etmələri və qərar vermələri hücumlarımıza mane olurdu. Qapıçılar da bəzi epizodlarda yaxşı oynayırlar. Qolların və təhlükəli vəziyyətlərin sayını artırmaq üçün, futbolçularımız bu tempdə olan daha çox oyunlar keçirməlidir. Mövsüm boyun eyni səviyyədə oynamaq futbolçuların oyunlarını yaxşılaşdıra bilər. Abbas Hüseynova gəlincə, açığı tam qərar verməmişəm. Sabah səhər son hazırlığımız olacaq, qərar veriləcək. Abbas zədədən sonra, "Omikron”a yoluxmuşdu. Komandaya bir az gec qoşuldu. Hələ ki, durumu pis deyil, sabaha qədər vaxtmız var. Çox dəyişiklik etməyi xoşlamıram. Həmişə futbolçularımın yanındayam, onlara güvənirəm. Məsuliyyətlə çalışırlar, bəzi texniki səhvlərə göz yumuram.