"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"a qarşı keçirdikləri oyunun son dəqiqələrində baş verən epizodu penaltiyə səbəb ola biləcək vəziyyət kimi qiymətləndirib.
"Report" xəbər verir ki, təcrübəli mütəxəssis bunu sözügedən oyundan sonra mətbuat konfransında bildirib.
O, məğlub olduqları qarşılaşmanı və penalti epizodunu şərh edib:
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Həqiqətən azarkeşlər çox baxımlı futbola şahidlik etdilər. Heç bir komanda məğlub olmaq istəmirdi. Sona qədər gərgin mübarizə getdi. Azarkeşlərimizə təşəkkür edirəm ki, sona qədər bizimlə qaldılar. Penalti epizoduna gəlincə, vəziyyət penaltiyə çox oxşayırdı. Bununla bağlı AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov açıqlama verəcək. Oyunun tempini qoruyan əsas fiqur Rəvan Həmzəzadə idi. Onun idarə etdiyi qarşılaşmalarda oyun nadir hallarda dayanır, çünki tez-tez fasilə verərək tempin düşməsinə imkan yaratmır".
Qurban Qurbanovun sözlərinə görə, baş hakimlərin VAR-a dəvət olunması əksər hallarda ilkin qərarın dəyişməsi ilə nəticələnir:
"Adətən belə olur. Üstəlik, epizodun oyunun sonlarına təsadüf etməsi müzakirələri daha da artırır. Bu cür hallarda fikir bildirəndə bəzən yanlış anlaşılır. Məsələn, Nəriman Axundzadə Avropa Liqasında səhv etmişdi, amma sonradan vacib qol vuraraq bunu kompensasiya etdi. Son vaxtlar onu çox tənqid etdilər. Hakimlər də oxşar vəziyyətlərlə üzləşir".
Baş məşqçi bildirib ki, çətin məğlubiyyətlər komandanın inkişafına təsir edir:
"Bu gün hakim qərarı komandanın zəhmətini kölgədə qoya bilər, amma sabah eyni hal təkrarlanmaz. Açığı, hakimlərə bir qədər yazığım gəlir. Onlar da meydana çıxanda həyəcan keçirirlər. Düşünürəm ki, mövsümü daha sakit şəkildə başa vurmaq hamı üçün daha yaxşı olar".
Xatırladaq ki, "Sabah" - "Qarabağ" oyunu "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə bitib. İlk görüşdə 2:2 hesabı qeydə alındığı üçün Bakı klubu adını finala yazdırıb. Oyunun son dəqiqələrində cərimə meydançası daxilində top "Sabah"ın futbolçusu Velko Simiçin əlinə dəysə də, matçın baş hakimi Rəvan Həmzəzadə penalti təyin etməyib.
Şərhlər