"Əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha da yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, artıq əksər inkişaf etmiş ölkələr karantin rejiminin aradan qaldırılması və ya tam yumşaldılması barədə qərarlar qəbul edirlər:
"Avropada İngiltərə, Almaniya və Fransa kimi aparıcı dövlətlər yenidən normal həyata qayıtmaqda israrlıdırlar. Qardaş Türkiyədə də karantin qaydaları xeyli yumşaldıldı, lokal pandemiyadan imtina ilə bağlı real addımlar atılmaqdadır.
Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı daha hansı addımların atılması məqsədəuyğun olardı? Son bir ayda ölkəmizdə yoluxma sayı 12 dəfəyə yaxın azalaraq 7050-dən 588-dək düşüb. Vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 111 mindən çoxdur. Ölkəmizdə vaksinləşmə səviyyəsi kifayət qədər yüksək hesab olunur".
Deputat hesab edir ki, bunları nəzərə aldıqda, mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması, ölkədaxili dəmiryolu əlaqəsinin bərpa edilməsi və ölkəyə gəliş-gediş zamanı peyvənd pasportu olduğu halda PCR analizi tələbinin aradan qaldırılması məqsədəuyğun olardı:
"Qarşıdan yeni turizm mövsümü gəlir. 2019-cu ildə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur.
Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir".
Bahar Rüstəmli