"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubla müqaviləsi başa çatmaq üzrə olan yarımmüdafiəçi İlkay Gündoğanı tərifləyib.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, təcrübəli mütəxəssis futbolçuya çox heyran olduğunu dilə gətirib. Pep Qvardiolanın "Mançester Siti"nin baş məşqçisi kimi ilk müqavilə imzaladığı Gündoğan bu yay klubu tərk edə bilər. Alman futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır və o, hansı klubda oynayacağına hələ qərar vermədiyini deyib.
Jurnalistlərə İlkay haqqında danışan Qvardiola yarımmüdafiəçini yüksək qiymətləndirdiyini deyib: "Onu sevirəm. Evliyəm, amma ona pərəstiş edirəm! İlkay çox vacib oyunçudur. Susmaqla liderlik edir, amma danışanda hamı dinləyir. Qol duyumu və ötürmələri mükəmməl, güclü diqqətli hücumameyilli yarımmüdafiəçidir. O, həmişə düzgün mövqedədir. O, həm də mühafizəkar yarımmüdafiəçi kimi oynaya bilər. İlkay hər mənada görkəmli oyunçudur".
Gündoğanın həyat yoldaşı Sara Arfauinin İngiltərədəki həyatdan sıxıldığı və gələn mövsüm başqa ölkəyə köçmək istədiyi bildirilir.
2016-cı ildə Dortmund "Borussiya"sından "Mançester Siti"yə transfer olunan 32 yaşlı futbolçu ilə maraqlanan klublar arasında "Barselona" da var.
Səbuhi Həsənov