Siyasət 12:28 23.11.2023

Ramil Səfərovun ekstradisiyasında gizli sövdələşmə olub? - Sabiq nazir danışdı

"Məxfilik şəraitində həyata keçirilən ekstradisiyada dövlət sirri təşkil edən heç nə yox idi. Sadəcə iki dost ölkənin rəhbərləri - Prezident İlham Əliyevlə Macarıstan baş naziri Viktor Orban Avropa Şurasının qəbul etdiyi beynəlxalq konvensiyaya əsaslanaraq Budapeştdə məhkumluq həyatı yaşayan azərbaycanlı zabiti Vətənə qaytardılar".

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı keçmiş səfiri, hazırda ölkəmizin Bosniya və Herseqovinadakı diplomatik missiyasına rəhbərlik edən Vilayət Quliyev Ramil Səfərovun ekstradisiya prosesindən danışarkən deyib.

"O, burada cəzasının bir hissəsini çəkdiyinə görə, dövlət başçısının sərəncamı ilə əfv edildi. Bu, hər iki tərəfdən böyük insanlıq və nəciblik aktı idi. Bizim müxalif mətbuatın hadisələrin isti izi ilə yazdığı kimi, hər hansı gizli sövdələşmə olmamışdı, ola bilməzdi. Əvvəldən axıra qədər proseslərdə yaxından iştirak etdiyimdən bunu tam əminliklə deyə bilərəm", deyə səfir bildirib.

Qeyd edək ki, Ramil Səfərov 2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
 


Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya olunub. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib.

Vilayət Quliyev 26 oktyabr 1999 - 2 aprel 2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 7 iyun 2004 - 30 mart 2010-cu illərdə ölkəmizin Polşada, 30 mart 2010 - 23 iyul 2021-ci illərdə Macarıstandakı səfiri olub. Sabi XİN başçısı 4 may 2022-ci ildə ölkəmizin Bosniya və Herseqovinadakı diplomatik missiyasının rəhbəri təyin edilib.