"Avropa dəyərlərinin ilk müdafiəçiləri Azərbaycan dövlətini qurdular, bizə bayrağımızı, himnimizi, dövlətçilik ənənəmizi bəxş etdilər"
Ümid Partiyası sədrinin Beynəlxalq Əlaqələr və Strateji Məsələlər üzrə müavini, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ilə bu il keçiriləcək 5-ci çağırış Milli Məclisə seçkilər barədə saytına müsahibəsini təqdim edirik. - Ramin bəy, niyə məhz 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən namizəd olmaq fikrinə düşdünüz?
- Bir çox səbəb var. Ən önəmlisi, namizədliyimi irəli sürəcəyim Ümid Partiyasının qərargahının bu ərazidə yerləşməsi nəticəsində vəsaitə qənaət etmək imkanı, 12 məntəqədə komissiya katibimizin olacağı, dairədə katiblə təmsil olunmamız, ərazidə bələdiyyə üzvümüzün olması, əhalinin deputatsız qaldığı üçün müxalif namizədə üstünlük verəcəyi, tanıdığım insanların çoxluğu, kontingentlə emosional baxımdan daha yaxşı anlaşacağımızı düşünməm, hərbi hissə və təcridxana kimi müəssələrin yoxluğu, beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən KİV çalışmaları üçün yararlı şəraitin olması məhz bu dairədən namizədliyimi irəli sürməmə təkan verdi. Namizədliyimin Ümid Partiyası ilə yanaşı, “125”-lər Siyasi Klubu, Qarabağ Bloku, hələ ki, adlarını çəkməyi uyğun bilmədiyim qurumlar və ictimai xadimlər tərəfindən dəstəklənəcəyim də uğur qazanacağımla bağlı inamı artırır. Artıq yanvar ayından builki parlament seçkilərinə sistemli hazırlıqlara start vermişik. Qeyd edim ki, 2010-cı il Milli Məclisə seçkilərdə də namizəd olmuşdum və o təcrübənin budəfəki marafona böyük yardımı toxunacaq. Bu günlərdə seçki komandamı, qərargah rəhbərini və strategiyanı da açıqlamağı düşünürük.
- Siz Avropa dəyərlərinin əsas müdafiəçilərindən hesab olunursuz. Bu seçki prosesinə necə təsir göstərəcək?
- Avropa dəyərlərinin ilk müdafiəçiləri Azərbaycan dövlətini qurdular, bizə bayrağımızı, himnimizi, dövlətçilik ənənəmizi bəxş etdilər. Əbəs yerə deyil ki, demokratik cümhuriyyət yaratmaq, vətəndaşının haqlarını qoruyan dövlət qurmaq, hər kəsin bərabər hüquqlu cəmiyyətdə yaşamasını təmin etmək, tək bizim üçün yox, bütün dünya xalqlarına bir nümunədir. Bu halda güclü dövlət, sabit, dayanıqlı, qüdrətli ölkə olunur. Deməli, Avropa dəyərlərini müdafiə edənlər öz xalqları üçün xoşbəxt gələcək bəxş etmək istəyirlər. Unutmamalıyıq ki, xarici siyasət, daxili gücə söykənir. Biz vətəndaşının güvənc yeri olan, bunu sevgi ilə qazanan dövlətin dünyada söz sahibi olduğunun şahidiyik. - Əksər hallarda Avropa dəyərləri hakimiyyət təmsilçiləri və mühafizəkarlar tərəfindən qorxulu tendensiya kimi təqdim olunur...
- Önə çıxan şəxsin əsas vəzifəsi insanları inkişaf etmiş məkana, dəyərlərə, intibaha daşımaqdır. Və öndə olmaq iddiasına düşənlər bunu anlamalıdırlar. Yoxsa xalqının tarixində sevimli şəxsiyyət kimi qala bilməzlər. Hətta bu gün sizin təqdim etdiyiniz yenilik qorxulu görünsə belə, insanlar fərqli yolu getməmək üçün min bəhanə gətirsə belə, vətəndaşın, ölkənin inkişafından qorxan idarəçilər olsa da və ən əsası, sən bu səbəblərdən təklənsən də yolundan dönməməlisən. Çünki sənin səmimi inanıncın bugünkü merkantil çıxarlara hesablanmayıb, gələcək uğura indekslənib. - Əvvəllər Cənubi Azərbaycanda, İranda baş verən hadisələrə də həssas yanaşırdınız...
- Mən “Bütöv Azərbaycan Ocaqları”nın İdarə Heyətinin üzvüyəm. Liberal, demokratik, bəşəri dəyərlərlə yaşamaq ölkəsini sevməmək deyil. Səmimi deyim ki, bu gün də Azərbaycanın bütövləşməsi, güneyli soydaşlarımızın istiqlalını ən çox istəyən və bunun üçün çalışanlardan biriyəm. Bu səbəbdən xarici ölkələrdə yaşayan heç bir əcnəbi həmfikirim, ideyadaşım tərəfindən qınaq görməmişəm. Əksinə, hamı öz ölkəsini, həmvətənlərini sevən, onların haqqı uğrunda çalışan şəxslərə daha çox hörmət edir. Gərək bir məqamı da unutmayaq: xalqını, ölkəni, haqqını qoruyarkən, dəyərlərə söykənməlisən, sivil olmalısan, elmi istinad nöqtəsi seçməlisən. Və ən əsası təklifin, yol xəritən mütləq olmalıdır, yoxsa pafosa üstünlük verən, irrasional imic qazanarsan. Bu halda sənə ailə üzvlərin belə hörmət etməz. Razılaşmasalar belə, hörmət etsinlər istəyirsənsə, elmi əsasları olan fikrə sahib olmalısan. Mənim fikrimcə cazibədar olmağın əsas yolu kompleks yanaşmadan keçir. Kültürümüzdə yüksək mədəniyyətə, iqtisadiyyatda elmi yüklü istehsalata, siyasətdə plüralizmə, idarəçilikdə demokratiyaya, ictimai münasibətlər sistemində sayğıya, dövlət vətəndaş münasibətlərində hüququn aliliyinə önəm verməliyik. Nə qədər ki, xammal, infrastruktur tikintiləri, təhsilsiz cəmiyyət, rüşvətin adiləşdiyi, bürokratiyanın vətəndaşı küsdürdüyü, qanunun güclü qarşısında acizliyi olacaq, o zaman biz cazibədar ola bilməcəciyik. Bu halda da nə güneyli soydaşlarımız, nə dünya dövlətləri, nə də özümüz ölkəmizi yetərincə sevə bilməyəciyik. Diqqət etmisizsə dövlətimizin uğursuzluğuna sevinənlərin, öz xalqını tənqid edənlərin sayı günü gündən artır. Bunun səbəbi yuxarıda qeyd etdiklərimdir. Mən bu sahədə vətənimə fayda verməyi, gücün çatdığı qədər ölkəmin qüdrətlənməsinə yardımçı olmağı, bunun üçün də parlamentə təmsil olunmağı düşünürəm. - Sizcə hakimiyyətin Azərbaycanı dünyada təqdimatı uğurlu alınırmı?
- Atılan addımlar arasında lobbi siyasətin çıxmaqla digərlərin uğurlu sonluqla bitirmək mümkündür. “Eurovision”, “Bakı Avropa Oyunları 2015”, “Gəncə Avropa Gənclər Paytaxtı” kimi səs gətirən layihələrlə yanaşı beynəlxalq auditoriyanı əhatə edən iqtisadi, siyasi, mədəni mövzularda elmi- praktik konfransların, sülh çağırışlı idman, musiqi, incəsənət sahəsində yarışmaların ölkəmizdə keçirilməsi çox faydalıdır. Bunu Qərb dövlətləri də alqışla qarşılayır. Çünki bu tədbirlər inteqrasiyanı sürətləndirir, ölkəmizi dünyanın bir parçasına çevirir, bəşəri dəyərləri özünə prinsip seçən yeni elita formalaşır və bütünlükdə toplumun zehniyyətin dəyişir. Açıq cəmiyyətin xalqı sivil olur ki, buna nail olmaq üçün digər xalqlarla ünsiyyət vacibdir. Məhz bu səbəblərdən də mən Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirləri dəstəkləyirəm və faydalı hesab edirəm. Lakin hakimiyyətin Azərbaycanın Qərbdə lobbiçiliyini təşkil etmək üçün təşkilatlara pul ayrılmasın uğursuz addım sayıram. Biz ərəblərin məğlubiyyətlə bitən siyasətini təkrarlamalıyıq. Məncə artıq Azərbaycan bu istiqamətdə siyasətini dəyişməlidir. Texnoloqları cəlb etmək, reklam işlərində xərcləmələrə getmək olar, ancaq Qərbin lobbi şirkətlərinə pul xərcləməyə dəyməz. Azərbaycan artıq tanınır və ölkəmizin imici daxili siyasətlə formalaşır. Bu vəsaitlər gənclərimizin inkişaf etmiş ölkələrdə uğurundan ötrü xərclənməlidir. Bu çağdaş strategiyadır ki, nəticədə həmvətənlərinin uğuru hesabına dövlətlər müsbət imic qazanır. //musavat.com