
Bu gün Respublikaçı Alternativ Təşkilatı (ReAl) mətbuat konfransı keçirib.
ReAl bildirir ki, imza kampaniyası prosesinin əvvəlində “Respublikaçı Alternativ” Təşəbbüs Qrupunun üç səlahiyyətli nümayəndəsinin həbsi, vətəndaşları referendumla bağlı məlumatlandırmaq üçün nəzərdə tutulan çap materiallarının qeyri qanuni müsadirəsi və üzvlərinə qarşı basqıları nəzərə alaraq imza kampaniyasını vaxtından əvvəl dayandırmışdı.
ReAl qeyd edir ki, həbslərin məqsədi "Respublikaçı Alternativ” Referendum Təşəbbüs Qrupu ilə bağlıdır. Hakimiyyət tez-tələsik, heç bir müzakirə olmadan referendum keçirmək niyyətindədir. Müzakirə mühitinin, ifadə azadlığının olmadığı yerdə bu referendum və onun nəticələri legitim hesab oluna bilməz və ölkəni siyasi-iqtisadi uçuruma aparacaq.
ReAl ölkə vətəndaşlarını referenduma çıxarılan dəyişikliklərə yox deməyə səsləyir. Hakimiyyətin ReAl-a qarşı basqıları partiyalaşmaqla bağlı qərarını dəyişməyəcək.
Mətbuat konfransında REAL sədri İlqar Məmmədovun müraciəti jurnalistlərin nəzərinə çatdırılıb:
“Bu referendum cümhuriyyət təməllərini bir daha silkələyəcək və bu silkələnmə cəmiyyətdə hər bir vətəndaşa təsir edəcək. Hərə öz zərbəsini alacaq: kimi qiymət artımı formasında, kimi iş yerinin itirilməsi formasında. ReAl Hərəkatı bu mühitdə yeni şəraitə uyğunlaşmalı və partiyalaşma işini gücləndirməlidir”.
Qaynarinfo.Az