
Bu gün keçirilən ölkə kubokunun 1/2 final mərhələsinin "Neftçi" - "Qəbələ" görüşündə (1:1) baş hakim Əliyar Ağayevin idarəçiliyi birmənalı qəbul edilməyib.
Qaynarinfo.az xəbər verir ki, görüşün II hissəsində "Qəbələ"nin futbolçusu Aleksey Qaya qarşı "Neftçi"nin qapıçısı Aqil Məmmədov cərimə meydançası daxilində kobudluq etsə də, bu, penalti kimi dəyərləndirilməyib. Əksinə, FİFA referisi olan Ağayev ukraynalı futbolçuya "simulyasiya"ya görə sarı vərəqə göstərib. 84-cü dəqiqədə isə baş hakim "Qəbələ"nin kapitanı Rəşad Sadiqovu topa əllə toxunduğu üçün meydandan qovub. Bu qərar da birmənalı şəkildə qəbul edilməyib.
Oyundan sonra "CBC Sport"a danışan Rəşad Sadiqov və "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "od püskürüb". Əvvəlcə Rəşadı dinləyək: "Qırmızı vərəqə aldığım epizodu hakimin öz insafına yazıram. O da baxsın epizodlara, sonra da utansın".
Daha sonra Qriqorçuk hakimliklə bağlı fikirlərini çatdırıb: "Düzünü desəm, hakim yarıtmazlığından bezmişəm. Bu barədə bir neçə dəfə demişəm. Bu dəfə isə açıq şəkildə bəyan edirəm. Mənim hesablamama görə, hakimlər mövsüm boyu "Qəbələ"nin 15 xalını əlindən alıb. Bu gün sadəcə biabırçılıq idi. Mən artıq yalvarıram ki, bu situasiyanı düzəltsinlər. Biz yarıtmaz idarəçilik olmasaydı, bu gün qalib gələ bilərdik... Mən Aleksey Qayın düşdüyü durum barədə danışmaq istəyirəm. "Şaxtyor"la UEFA Kuboku qazanmış bir futbolçu penalti gözlədiyi halda hakimin rüsvayçı idarəçiliyi ilə qarşılaşır və sarı vərəqə alır. Belə idarəçilik olmur".
Qaynarinfo.az