
“Turan”ın məlumatına görə, Azərbaycanın vətəndaş cəmiyyəti fəalı, İnsan Haqları Evinin rəhbəri Rəsul Cəfərov dekabrın 17-də Kiyevdəki Azadlıq meydanında çıxış edib.
O, Azərbaycan demokratlarının Ukraynadakı Avrointeqrasiya tərəfdarları ilə həmrəy olduğunu vurğulayıb.
Rəsul Cəfərov REAL hərəkatının lideri, həbsdə olan İlqar Məmmədovun salamını çatdırıb: “İlqar da sizin kimi hüquq, bərabərlik, öz ölkəsinin azadlığı və işıqlı gələcəyi uğrunda mübarizə aparır. Vətəndaş cəmiyyətinin digər fəalı Anar Məmmədli dünən həbs edilib. Səbəb rəhbərlik etdiyi təşkilatın 9 oktyabr prezident seçkisinin monitorinqini keçirməsi və rəsmi nəticələri tənqid etməsidir”.
Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycanda 143 siyasi məhbus var. Rəsul Cəfərov Ukrayna hakimiyyətinin Kiyevdə dinc nümayişçilərə qarşı “Berkut” xüsusi təyinatlı qüvvələrini tətbiq etməsini pisləyib. O, Ukrayna hökumətini beynəlxalq öhdəliklərə əməl etməyə, vətəndaşların hüquq və azadlıqlarını təmin etməyə çağırıb.
Qaynar.info