"Belə bir yanaşma Ermənistanın bir əsrdən çoxdur davam etdirdiyi qüsurlu yanaşmadır. İrəvanın İranla Rusiyanın dəstəyini almağa çalışmaq cəhdi heç nəyi dəyişməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı Ermənistan mətbuatında Şuşa şəhərinin Cənubi Qafqazda hökmranlığın açarı olması və indi bu açarın əsl sahibinin, Azərbaycanın əlində olması fonunda Zəngəzuru da itirməmələri üçün İrəvanın İran və Rusiyaya ehtiyacının olması barədə gedən yazıya münasibət bildirərkən deyib.
Həmsöhbətimiz bildirir ki, Ermənistan hələ də postmünaqişə dövrünü düzgün dəyərləndirmir:
"Onlar durumu düzgün dəyərləndirsə, "altılıq platforması”na və Azərbaycan tərəfindən irəli sürülən ikili əməkdaşlığa önəm versə, heç bir problem qalmayacaq. Amma təəssüf ki, Ermənistanda bəzilərinin yenidən nəsə etməyə çalışması və bu zaman İranla Rusiyanın dəstəyinə bel bağlamaları uğurlu strategiya deyil”.
Ekspert onu da qeyd edir ki, hazırda regionun taleyində Türkiyə ilə Azərbaycan əsas rol oynayır. Bu müstəvidə Ermənistanın Tehranla Moskvanın dəstiyinə bel bağlaması heç nəyi dəyişməyəcək:
"Şuşa Azərbaycan yurdu olmaqla tarixi, mədəni, strateji əhəmiyyəti olan ərazidir. Amma sadəcə Şuşa bütövlükdə regionun taleyini həll etmir. Burada güclü Azərbaycan və güclü Türkiyə var. Bakı ilə Ankaranın imkanları, gücü və beynəlxalq hüquqa əsaslanan normal iddiaları yetərlidir. İrəvan Şuşanın Azərbaycan torpağı olması ilə barışmalıdır. Bunun əksinə yanlış yanaşma sərgiləyərək, İranla Rusiyanın dəstəyini almağa çalışmaq heç nəyi dəyişməyəcək. Dəyişdirsəydi, 44 günlük müharibənin nəticəsi fərqli olardı. Onu da qeyd edim ki, Ermənistanda işğalçılıqdan vaz keçməyin vacib olduğunu düşünənlərin sayı da bir qədər artıb. Bu isə ümidvericidir”.
Rüfət Sultan