
Məlum olduğu kimi, Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən "Qarabağ" futzal klubu bu şəhərin çempionu olub.
Qaynarinfo.az-ın məlumatına görə, bu komandanın kapitanı Elnur Vəliyev və digər üzvlər bu münasibətlə mükafatlandırılıblar. Onlara həm çempionluq, həm də Moskva Açıq turnirinin kuboklarını və medallarını builki UEFA Kubokunu qazanmış Rusiya 1-cisi "Qazprom-Yuqra"nın gürcü qapıçısı Zviad Kupatadze və braziliyalı Robinyo verib.
Qeyd edək ki, bu mövsüm maddi durumu pisləşdiyi üçün "Qarabağ" futzal klubunun fəaliyyətini dayandıracağı xəbərləri yayılmışdı. Hətta ermənilər bundan yararlanaraq bu komandaya sponsorluq etmək istəklərini bildirmişdi. Lakin sonradan azərbaycanlı iş adamlarından birinin dəstəyi sayəsində komandanın maliyyə baxımından işləri nisbətən qaydasına düşdü.
"Qarabağ" bu ayın sonlarında Tunisdə beynəlxalq turnirdə iştirak etməlidir. Lakin bunun üçün maddi durum düzəlməlidir. Bu komanda sentyabrdan isə Rusiyanın yüksək dəstəsinin (I dəstə) "Mərkəz" zonasında mübarizəyə qoşulacaq.
Qaynarinfo.az




