"Əl-Nassr”ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo "Əl-İttihad”a məğlubiyyətdən sonra əsəbini cilovlaya bilməyib.
Qaynarinfo xəbər verir ki, 38 yaşlı futbolçu 0:1 hesablı məğlubiyyətdən sonra hərəkətləri ilə diqqət çəkib. Səudiyyə Ərəbistanı derbisi kimi göstərilən qarşılaşmada Ronaldo fərqlənə bilməyib və ardıcıl ikinci görüşü qolsuz başa vurub.
Qarşılaşma bitdikdən sonra komanda yoldaşları ona təsəlli verməyə çalışıblar. Lakin əsəblərinə hakim ola bilməyən superulduz soyunub-geyinmə otağına gedən tunelə yaxınlaşarkən meydançanın kənarındakı su şüşələrini təpikləyib.
"Qızıl top”un beşqat qalibi azarkeşlərin onu alqışlaması fonunda meydanı üzgün şəkildə tərk edib. Matç boyu yaxşı təsir bağışlamayan təcrübəli hücumçu bir neçə əsas mövqedə "Əl-İttihad”ın qapıçısı Marselo Qroheni keçə bilməyib.
Premyer Liqa komandası "Vulverhempton"un keçmiş məşqçisi Nuno Espirito Santonun idarə etdiyi "Əl İttihad" Romarinyonun 80-ci dəqiqədə vurduğu qolla 1-0 qalib gələrək mövsümün bitməsinə 10 tur qalmış "Əl-Nassr"ı keçərək liderlik "kürsüsünə” yerləşib.
Hazırda "Əl-Nassr”in 46, "Əl-İttihad”ın isə 47 xalı var.
Səbuhi Həsənov