Hindistanda Kriştiano Ronaldonun heykəlinin ucaldılması ölkədə fikir ayrılığına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu haqda BBC məlumat yayıb. Portuqaliyanın keçmiş koloniyası olan Qoanın müstəqilliyinin 60-cı ildönümündə ulduz futbolçunun heykəlinin ucaldılması tənqidlərə səbəb olub. Tənqidçilərdən bəziləri gəncləri ruhlandırmaq üçün Ronaldonun yerinə yerli futbolçunun heykəlinin ucaldılmasını daha məqsədəuyğun hesab edirlər.
Etirazçılardan biri IANS xəbər agentliyinə açıqlamasında bunları deyib: "Ronaldonun heykəlinin ucaldılmasını eşidəndə məyus oldum. Samir Naik və Bruno Koutinyo kimi öz ikonalarımızla fəxr etməyi öyrənin".
"Times of India” qəzetindəki xəbərdə heykəlin açılışı zamanı bəzi etirazçıların qara bayraq qaldırdığı qeyd edilib.
Bharatiya Janata Partiyasının (BJP) deputatı Maykl Lobo öz "Twitter" hesabında heykəlin gənclərin istəyi ilə onları ruhlandırmaq üçün qoyulduğunu bildirib.