"Alim, professor olmaq suala cavab verməkdən yayınmağa əsas vermir. Professorsan, get otur Elmlər Akademiyasında və yaxud da hər hansı bir institutda, o zaman sənə heç kim zəng etməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Milli Məclisin deputatı Rüfət Quliyevin "Mən elmlər doktoru, professoram, millət vəkiliyəm, xahiş edirəm mənimlə qlobal sual olanda danışın” fikirinə münasibət bildirərkən deyib.
Ekspert vurğulayıb ki, un, buğda, eləcə də bütün kənd təsərrüfatı məhsulları ilə bağlı öncə jurnalistlər Kənd Təsərrüfatı Nazirliyinə zəng etməlidir: "Nazirlik nümayəndələri, bu işlə bağlı olan şöbələr sulları cavablandırmalıdır. Bundan əlavə deputatlara müraciət olunmalıdır və bu sahə ilə məşğul olan parlament üzvləri sualları cavablandırmalıdır. Axı, bu qurumlar hakimiyyət orqanlarının bir qoludur. Bu onların vəzifə borcudur”.
Vahid Məhərrəmov bildirib ki, buğda, un və un məhsullarının qiymətləri ilə bağlı aidiyyatı qurum və deputatların münasibətindən sonra növbə ekspertlərə çata bilər:
"Axırda ekspertlər və mütəxəssislər münasibət bildirməlidir, çünki onlar sahənin biliciləridir. Bizim vəzifəmiz un istehsal etmək deyil, yaxud da istehsalçının işinə yardımçı olmaq da deyil. Biz məsləhət də verən deyilik. Siyasəti müəyyən edən hakimiyyətdir, onun da qolu, icra orqanı nazirliklər və qanunverici orqanı Milli Məclisdir. Onlar görə də bu sualı deputatlar cavablandırmalıdır”.
Qeyd edək ki, Milli Məclisin deputatı Rüfət Quliyev un və un məhsullarının qiymətinin ucuzlaşması ilə bağlı Qaynarinfo-ya açıqlamasında "Bu, ekspert səviyyəsində bir sualdır. Mən elmlər doktoru, professoram, millət vəkiliyəm, xahiş edirəm mənimlə qlobal sual olanda danışın”, deyə bildirib.
Bahar Rüstəmli