Xəbər lenti

Rus qadın prezidentin İstanbulda dividend qazanmaq istəyi - Səbəblər
İdman06:02 19.02.2016

Rus qadın prezidentin İstanbulda dividend qazanmaq istəyi - Səbəblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbuldakı "Fənərbaxça" - "Lokomotiv" (Moskva) oyunundan sonra Vladimir Putinin şəklini göstərərək türk azarkeşləri içərisində gərginlik yaradan Dmitri Tarasova bu ideyanı kimin verdiyinə Rusiyanın lifenews.ru saytı aydınlıq gətirməyə çalışıb. Bu, "Lokomotiv"in Belarusda doğulmuş 59 yaşlı prezidenti Olqa Smorodskaya imiş.

Qaynar.info xəbər verir ki, həmin sayta "Lokomotiv"in Direktorlar Şurasına yaxın mənbədən anonim birisi bu haqda məlumat verib:

"İdeya ən başdan Olqa Yuryevna Smorodskayaya məxsus olub. Bu ideya üçün məhz Tarasovun seçilməsi 2 səbəbdəndir. Birincisi, bu futbolçu klubun KİV-də ən çox reklam olunan oyunçusudur. İkincisi, Tarasov Smorodskayanın oyunçularına yaxın dairəyə aiddir".

Bəs bu ideya ilə Smorodskaya nə qazanacaqdı? Mənbə bu suala da cavab verib. İş ondadır ki, mövsümün sonunda klubun Direktorlar Şurasında Olqa Smorodskayaya etimad məsələsinə baxılacaq. Onun əleyhinə olan fakt klubun xərclərinin gəlirlərini olduqca çox qabaqlaması üzündən UEFA maliyyə feyr-pleyinə əməl etməməsidir. Bunun nəticəsində ötən il "Dinamo" kimi bu il də "Lokomotiv" UEFA tərəfindən avrokuboklarda iştirakdan məhrum edilə bilər. Bu isə klubun imicinə ciddi zərbə olacaq. Smorodskayanın ehtimalına əsasən Tarasovla edilən bu hərəkət ona müəyyən siyasi dividendlər qazandıracaqdı.

Bir digər səbəb kimi isə "Lokomotiv"in baş sponsoru olan "Rusiya Dəmir Yolları" şirkətinin yeni prezidenti Oleq Belozerovun klub rəhbərliyində əvvəllər futbolda olmayan birini görmək istəyi göstərilir. Artıq futbol dairələrində həmin namizədin adı da məlumdur. Lakin mətbuata hələ onun kim olacağı açıqlanmır. Onu da bildirək ki, Smorodskaya "Lokomotiv"in prezidenti kimi 2010-cu ilin iyulun 29-dan çalışır. Onu Rusiya Dəmir Yollarının o vaxtkı prezidenti Vladimir Yakunin bu vəzifəyə dəvət edib.

Xatırladaq ki, UEFA-nın İntizam Komitəsi martın 17-də Dmitri Tarasova bu hərəkətinə görə cəza verəcək. O, 8-10 matçlıq diskvalifikasiya, klub isə turnirdə iştirakdan məhrum edilə bilər. Təbii ki, "Fənərbaxça" səddini keçərlərsə...

Qaynar.info