Xəbər lenti

Rusiya Azərbaycana hansısa xəbərdarlıq etmək gücündə deyil - Politoloq
Siyasət 19:23 12.06.2025

Rusiya Azərbaycana hansısa xəbərdarlıq etmək gücündə deyil - Politoloq

"Rusiya yeni Sovet İttifaqı şəklində birlik yaratmaq istəyir. Odur ki, ətraf ölkələri yenidən bu birliyə daxil etmək planları qurur".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın NATO ilə bağlı rəsmi Bakı və İrəvana yönəlik təhdidini şərh edərkən deyib.
 
Azər Qasımov bildirib ki, Rusiyanın NATO-nu bəhanə edib Ukraynaya qarşı təcavüzü əslində məsələnin əsas məğzini gizlətmək xarakteri daşıyır:

"Kreml keçmiş SSRİ respublikalarından ibarət yeni birlik yaratmağa çalışır. Görünən odur ki, buna da Ukraynadan başlayıb. Rusiya mediasında da Sovet İttifaqının yenidən bərpası fikirləri artıb və artıq ciddi xarakter alıb. Amma bu fikir Ukraynadakı çıxılmaz durum fonunda hələlik öz zəifliyini gizlətmək xarakteri daşıyır. Rusiya özünü güclü göstərməyə çalışır, hansı ki, bu, belə deyil, xüsusən də, Ukraynanın son zərbələri qarşısında". 



Ekspertə görə, Zaxarova isə həmişəki kimi mənasız danışır:

"Əvvəla, Rusiya Azərbaycana hansısa xəbərdarlıq etmək gücündə deyil. Bununla yanaşı, Azərbaycanın NATO ilə əməkdaşlığı heç kimə qarşı yönəlməyib. Azərbaycan öz ordusunu NATO standartlarına keçirməklə Qarabağ münaqişəsini həll etdi. Bakının bundan o yana NATO ilə hansısa rəsmi birlikdə təmsil olunmaq fikri yoxdur".

NATO üzvü kimi Türkiyə ilə sıx əməkdaşlığımıza gəldikdə isə, Azər Qasımov qeyd edir ki, Ankara Azərbaycan üçün NATO üzvündən öncə qardaş ölkədir:

"Azərbaycan NATO üzvü olmasa idi belə, Türkiyə ilə eyni münasibətləri quracaqdı. Rusiya bundan narahat olursa, bu, onun öz işidir".

Bu əsasda da həmsöhbətimiz Rusiya ilə Türkiyə arasında münasibətlərin korlandığını düşünmür: 

"Bu münasibətlər korlanmayıb ki, Rusiya tərəfi bunu Azərbaycana Türkiyə ilə münasibətlərinə görə xəbərdarlıq edəcək dərəcədə qəbul etsin. İki ölkə arasında münasibətlərdə dəfələrlə müəyyən soyuqluqlar olub, amma sonra qaydasına düşüb. Doğrudur, Rusiya Türkiyədə inşa etdiyi "Akkuyu" AES-in inşasını dayandırıb".

Politoloq hesab edir ki, Rusiyanın Zaxarovanın dili ilə etdiyi xəbərdarlıq daha çox Ermənistana yönəlib, nəinki Azərbaycana.

Qeyd edək ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova rəsmi Bakı və rəsmi İrəvana səslənərək, onları NATO ilə əməkdaşlığın dərinləşməsinin risklərini nəzərə almalı olduqları ilə hədələyib. O bildirib ki, NATO Cənubi Qafqazda təhlükəsizlik nöqteyi-nəzərindən yaxşı heç nəyi təmsil etmir. 

"Əksinə, qərblilərin əsas məqsədi regionda vəziyyəti pozmaq, yeni gərginlik ocaqları yaratmaqdır. Ümid edirik ki, həm Bakı, həm də İrəvan bu məsələ ilə bağlı haqlı narahatlığımızı eyni dərəcədə başa düşür və aqressiv hərbi ittifaqlarla əməkdaşlığın dərinləşdirilməsi risklərini tam dərk edirlər", deyə o, qeyd edib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->