Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko açıqlamasında Rusiyanın Boloniya təhsil sistemindən çıxmalı olduğunu bildirib. O, bunun səbəbini Avropanın elmi məkanına inteqrasiyanən baş tutmaması ilə əlaqələndirib.
"Bu, o zamanlar idi ki, biz - o vaxt hələ sadəlövh idik, çəhrayı eynək taxırdıq - həqiqətən də Qərbi sevindirmək istəyirdik. Bu gün deyə bilərik ki, inteqrasiya, Boloniya prosesinə qoşulmaq baş tutmadı. Qərbin bütün vədlərinin əksinə olaraq universitetlərimizin, tədqiqat mərkəzlərimizin Avropanın elmi məkanına tam inteqrasiyası ilə bağlı, təəssüf ki, bunların heç biri baş vermədi”, - deyən Matvienko Rusiya diplomlarına və elmi dərəcələrə qarşı ayrı-seçkiliyin davam etdiyini bildirib.
Rusiya niyə inteqrasiya edə bilməyib? Vəziyyəti necə izah etmək olar?
Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya müsahibəsində bu suallara cavab verib.
- Rusiyanın Boloniya sistemindən çıxmaq istəyi Avropa İttifaqının və Boloniya sisteminə qoşulan digər ölkələrin sanksiyalara qoşulmasından, yəni Rusiya-Ukrayna müharibəsindən qaynaqlanır. Səbəb budur. Çünkü Boloniya sistemi mütərrəqi ali təhsil müəssisələrinin, demək olar, əksəriyyətində tətbiq olunan və kifayət qədər də effekt vermiş bir sistemdir. Rusiya inteqrasiya edə bilməyib. Rusiyanın özünün də universitetlərində elmi naliyyətləri var. Sadəcə, əsaslandırmada düşündüyüm yeganə səbəb o olar ki, bəli, Rusiya Boloniya sistemindən uzaqlaşmağa bir səbəb axtarırdı.
- Demək, sizcə, Rusiyanın Boloniya təshil sistemindən imtina etmək qərarı Avropanın elmi məkanına inteqrasiyasının baş tutmaması adı altında siyasidir, yəni elmi əsasları yoxdur?
- Bəli, bu, sadəcə siyasi bir prosesdir, heç bir elmi əsası yoxdur. Bu vaxta qədər Avropa ölkələri, eyni zamanda Avropada təhsil alan Rusiya vətəndaşları Rusiya diplomlarının tanınması ilə bağlı, eyni zamanda həmin tələbələrin öz ölkələrinin universitetlərindən çıxarılması ilə bağlı qərar qəbul etmişdilər. Boloniya sistemi də İtaliyada ilk yaranmış universitetin adından götürülüb. Həmin sistem əsasında Avropa, eyni zamanda dünyanın bir sıra ölkələri rus dilini tətbiq ediblər, o cümlədən də Rusiya. Rusiya da sırf sıyası olaraq məsələdən istifadə edərək Boloniya sistemindən çıxmaq istəyir.
- Bəs, Azərbaycanda reallıq necədir, yəni sözügedən sistemə inteqrasiya ola bilmişikmi? Çünki bizdə də bəzən Boloniya sisteminin Azərbaycanda uğursuz olması haqda fikirlər səslənir. Sizin bu haqda mövqeyiniz və əsaslandırmanız necədir?
- Bizdə 12-13 ildən artıq müddətdir ki, Boloniya sistemi tətbiq olunub. Nəticə etibarı ilə Boloniya sistemi azərbaycansayağı formalaşıb. Yəni, bizdə Boloniya sisteminin sadəcə adı var, tam olaraq əsaslandırılmayıb. Çünki Boloniya sisteminə müvafiq olaraq nəzərdə tutulur ki, əgər bir tələbə akademik borcunu ödəyibsə, ona təhsil alması ilə bağlı sənəd təqdim olunmalıdır. Bu sertifikat da ola bilər, diplom da. Təəssüflər olsun ki, bizdə Boloniya sisteminin adını tətbiq etmişik, bir Azərbaycan modeli yaratmışıq. Amma kimsə onu əsaslandırırsa ki, bizdə Boloniya sistemi uyğun deyil, bildirmək istəyirəm ki, ən azı Xəzər Universitetinə, Bakı Ali Məktəbinə, ADA Universitetinə üz tuta bilərlər. Həmin məktəblərdə bu sistem normal qaydada işləyir. Digər universitetlərdə işləməməsinin səbəbi keçmiş Sovet dövründən qalan sistemin hələ də davam etməsidir. Həmin sistemin çürük və bürokratik əngəllərinin saxlanılmasıdır ki, onlar Boloniya sisteminə inteqrasiya edə bilmirlər və öz modellərini tətbiq etmiş olurlar. Boloniya sistemi tam əsaslanarsa, ölkə ali təhsil mühitində, eyni zamanda uğurlar əldə etmək və yaxud da təhsilin inkişafına töhfə vermək olar. Ölkəmizdə 50-dən yuxarı universitet var. Bunların 3-4-də Boloniya sistemini görmüş oluruq.
Bahar Rüstəmli