Rusiya Bankı Rusiyanın ehtiyatlarını donduran Qərbə qarşı məhkəmə iddiaları üzərində işləyir. Mərkəzi Bankın sədr müavini Aleksey Quznov Şərq İqtisadi Forumunun (ŞİF-2022) kuluarlarında deyib ki, "məhkəmə proseslərinin başlanması üçün dəqiq tarixlər yoxdur, belə ki, bu, hardasa sakit, hardasa çətin gedən məsələdir”.
Onun sözlərinə görə, iddialarda tənzimləyici "xarici dövlətlərin bizə - Mərkəzi Banka hansı status verəcəyinə” diqqət yetirəcək, qanunla Mərkəzi Bank hökumətdən müstəqildir. "Hesab edirəm ki, yaxın gələcəkdə konkret addımlar barədə danışmaq mümkün olacaq", - Quznov bildirib.
Xatırladaq ki, Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina iyul ayında xarici dövlətlərə qarşı iddiaların verilməsi prosesinin "çətin” olmasından danışıb. İlk dəfə o, apreldə Rusiyanın valyuta ehtiyatlarının qaytarılmasına məhkəmə yolu ilə nail olacağına söz verib. "Əlbəttə, bu, görünməmiş "dondurulmadır”, biz bütün iddiaları hazırlayacağıq, onları tətbiq etməyə hazırlaşırıq, çünki bu, qlobal miqyasda görünməmiş bir hadisədir", - Nabiullina deyib.
ABŞ, Aİ, Böyük Britaniya və digər ölkələr Ukraynadakı müharibəyə cavab olaraq Rusiyanın beynəlxalq ehtiyatlarını dondurub. Rusiyanın maliyyə naziri Anton Siluanov xarici banklardakı hesablarda qalan məbləği 300 milyard dollar həcmində qiymətləndirib: "Bu, bizdə olan ehtiyatların təxminən yarısıdır. Ümumilikdə 640 milyard dollara yaxın ehtiyatımız var, 300 milyard dollara yaxın ehtiyatımız indi elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik”, - Siluanov bildirib.
İlin əvvəlində Rusiyanın 612,9 milyard dollar ehtiyatı olub. Ən çox vəsait avroya yatırılıb (33,9%, təxminən 208 milyard dollar). 10,9%-i (67 milyard dollar) ABŞ dollarında, 6,2%-i (38 milyard dollar) ingilis funt sterlinqində, 5,9%-i (36 milyard dollar) yapon yenində, 3,2%-i (20 milyard dollar) Kanada dollarında, eləcə də 1 % (6 milyard dollar) Avstraliya dollarında saxlanılıb.
Ehtiyatların 21,5%-ni qızıl, 17,1%-ni (105 milyard dollar) Çin yuanına investisiyalar təşkil edib. ABŞ, Aİ və Böyük Britaniya Rusiya qızılının alınmasına embarqo qoyub. ABŞ, Rusiya Mərkəzi Bankı tərəfindən qızılla əməliyyatlara da qadağa qoyub, çünki bu cür əməliyyatlar sanksiyalara məruz qalır.
Eyni zamanda, Rusiyanın yuana yatırdığı 100 milyard dollardan çox vəsait Çinin faktiki girovluğundadır. Mərkəzi Bank etiraf edib ki, bu vəsaitlərin satışı Çin hakimiyyəti ilə ayrıca razılaşma tələb edir. Lakin hökumətin ehtiyatları doldurmaq üçün "dost” ölkələrin başqa münasib valyutaları yoxdur. Buna görə də hökumət daha 70 milyard dollarlıq yuanın alınması imkanını müzakirə edir.
Nizami Bağırov