Dünya 13:29 23.11.2022

Rusiya Qazaxıstanı hədəf seçir: Tokayev Kremlin təzyiqinə duruş gətirə biləcəkmi?

Ukraynada iflasa uğrayan Rusiya indi də nəzərlərini Qazaxıstana dikib. Belə ki, şovinist ideyalarla zəngin təxəyyülə malik rusiyalı ekspertlər "Rossiya 1” dövlət telekanalında "Vladimir Solovyovla axşam” siyasi tok-şousunun efirində Ukraynadan sonra növbəti problem kimi Qazaxıstanın adını çəkiblər.

"Qulaq asın, növbəti problem Qazaxıstandır. Çünki indi Ukraynada olan nasist prosesləri orada da başlaya bilər. Bu ölkədə çoxlu ruslar var, ərazisi böyükdür, Semipalatinsk də ordadır. Yeri gəlmişkən, bizim bütün "Rosatom”un nüvə yanacağı da Qazaxıstandadır”, deyə ekspertlərdən biri bildirib. 

Qeyd edək ki, bu ilin əvvəlində Qazaxıstanda baş qaldıran iğtişaşlar zamanı Rusiyanın başçılığı ilə KTMT qüvvələri bu ölkəyə yeridildi. Lakin həmin qüvvələr qısa zamandan sonra oranı tərk etməli oldu. Bu hadisədən sonra Qazaxıstanın yeni rəhbəri olan Kasım-Comart Tokayev bir sıra məqamlarda Moskvanın maraqlarına zidd addımları ilə diqqəti çəkdi. Görünür, bu məqamlar Rusiyada hələ də bəzilərini qıcıqlandırır. 

Ukraynada ciddi uğur qazanmayan Rusiya indi də nəzərini Astanaya tuşlamaqla birinciyə münasibətdə düçar olduğu uğursuzluğu Qazaxıstanla kompensasiya etmək istəyir. İndi Kreml əslində Qazaxıstanın yeni seçilən prezidentinə öz politoloqları vasitəsilə mesaj ünvanlayır ki, Moskvanın istəyindən kənara çıxmasın. Əks təqdirsə, bu ona baha başa gələ bilər. 

Politoloq Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rusiyanın Qazaxıstanı təhdid etməsinə ciddi yanaşmaq lazımdır:
 


"Ukrayna müharibəsi başlamazdan bir qədər əvvəl, bu ilin yanvarında Rusiya Tokayev hakimiyyətini dəstəkləmək məqsədilə Qazaxıstana KTMT qüvvələrini yeritmişdi. Lakin proses yatırıldıqdan dərhal sonra, pərdəarxası danışıqlar nəticəsində bütün hərbi qüvvələr Qazaxıstandan geri çəkildi. Rusiyadakı militarist qüvvələr tərəfindən zaman-zaman Qazaxıstana qarşı ərazi iddiaları səsləndirilib. Halbuki, Orenburq və ətrafı bu gün Rusiyanın tərkibində olsa da, qazaxların tarixi torpaqlarıdır”. 

Həmsöhbətimiz qeyd edir ki, Ukrayna cəbhəsində yeni-yeni məğlubiyyətlərə düçar olan Rusiyanın digər MDB ölkələrinə qarşı belə bir aqressiv siyasət yürütməsindən heç kim sığortalanmayıb:

"Belə təhlükələr hər an bütün MDB ölkələri üçün gözlənilə bilər. Kremlin təbliğat ruporları belə şovinist ritorikalı fikirləri səsləndirirsə, deməli təhlükəni ciddi qarşılamaq lazımdır. Hesab edirəm ki, rəsmi Astana da baş verənlərin gedişindən məlumatlıdır. Astana özünə qarşı Rusiyanın növbəti aqressiyasının qarşısını almaq üçün bu məsələni həm dünya birliyi, həm də ikitərəfli, çoxtərəfli formatda əməkdaşlıq etdiyi dövlətlər, beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır. Rusiya tərəfindən Ukraynanın ardınca Qazaxıstana münasibətdə də anoloji təhlükənin təkrarlanacağı gözləniləndir”. 

Rüfət Sultan