"Rusiyanın ölkəmizin nəqliyyat sektoruna maraq göstərməsi Azərbaycanın yük daşıma qabiliyyətinin daha da artmasına gətirib çıxaracaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Rusiyanın Azərbaycanın nəqliyyat sektoruna maraq göstərməsinin səbəbini şərh edərkən deyib.
"Nəzərə alaq ki, yol infrastrukturunun inkişafında Rusiya önəmli yer tutan dövlətlərdən biridir. Bu ölkənin təcrübəsi də ölkəmiz üçün lazım ola bilər. Rusiya kimi nəhəng ərazisi olan dövlət öz iqtisadi maraqlarını Azərbaycan ərazisindən keçməklə büruzə verirsə, bu artıq böyük göstəricidir”, ekspert bildirib.
F.İbrahimov qeyd edib ki, Azərbaycan ərazisi, infrastrukturu bir çox ölkələr, o cümlədən Rusiya üçün cazibədardır:
"Hazırda Qərblə münasibətlərin kəskin olması fonunda Rusiyanın ərazisi Avrasiya perimetri boyu şimaldan cənuba qədər quru yollarla demək olar ki, tam bloklanıb. Cənub qonşumuz da yürütdüyü siyasət nəticəsində bütün regional infrastruktur oyunlarından kənarda qalıb. Azərbaycan isə zəngin təbii sərvətlərinin iqtisadi dövriyyəyə daxil olması və infrastruktur-loqistika siyasətinin önəmliliyi baxımından əlverişli məkanda yerləşir. Azərbaycan həm Şərqə, həm də Qərbə maraqlı infrastruktur dəhlizi təqdim edir. Orta Dəhliz layihəsi elastikliyinə, dayanıqlığına görə, ən cazibədar dəhlizdir. Rusiya da çalışır ki, müxtəlif yollarla iqtisadiyyatının nəfəsliyini qorusun. Bu fonda da Azərbaycan ərazisi, yol-infrastrukturu cazibədarlığı ilə seçilir. Bu baxımdan da Rusiya şirkətlərinin Azərbaycana marağı artır. Azərbaycan sürətlə böyük bir tranzit qovşağına çevrilir”.
Həmsöhbətimizə görə, Rusiyanın Azərbaycanın nəqliyyat sektoruna marağının artması Ermənistan kimi ölkəmizin nəqliyyat sektorunun da şimal ölkəsi şirkətlərinin nəzarətinə keçməsilə nəticələnməyəcək:
"Azərbaycan dayanıqlı iqtisadiyyata malikdir”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Rusiya prezidentinin köməkçisi İqor Levitinlə görüşdə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib. Görüşdə Rusiya tərəfindən gələcəkdə Zəngəzur dəhlizinin potensialından istifadə imkanlarının öyrənilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Bundan başqa, həmsöhbətlər Azərbaycanda müasir gəmiqayırma imkanlarından istifadə, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə birgə səylərin davam etdirilməsi, yükdaşımaların həcminin artırılması, Azərbaycan ərazisində müvafiq infrastrukturdan istifadə imkanları, habelə Azərbaycan ərazisində gəmiqayırma işlərinin aparılması imkanları, Bakı-Tiflis-Qars dəmir yolu ilə yüklərin daşınması barədə danışıblar.
Rüfət Sultan