İdman 15:55 08.02.2023

Rusiya və Belarus idmançılarının Olimpiadada iştirakına qadağa çağırışı edildi

Skandinaviya ölkələrindən rusiyalı idmançıların Parisdə keçiriləcək Olimpiadada iştirakına qadağa qoyulması çağırışı gəlib.

Qaynarinfo-nun məlumatına görə, Skandinaviya olimpiya və paralimpiya komitələri, həmçinin idman konfederasiyaları Ukraynaya ilə müharibə səbəbindən Rusiya və Belarus idmançılarının gələn il Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiadadan kənarlaşdırılması çağırışına qoşulub.

Finlandiya, İslandiya, Norveç, İsveç, Danimarka, Farer adaları və Qrenlandiya muxtar bölgələri də daxil olmaqla Skandinaviya ölkələrindən verilən ortaq yazılı açıqlamada "Ukraynadakı müharibə ilə bağlı vəziyyət dəyişməyib. Bu səbəbdən Rusiya və Belarus idmançılarının beynəlxalq idman təşkilatlarında iştirak etməməsi ilə bağlı mövqeyimizi qoruyuruq. İndi onların (Rusiya və Belarus idmançılarının) qayıdışı barədə düşünməyin vaxtı deyil. Bu, bizim mövqeyimizdir” - bildirilib.

Üç Baltikyanı ölkə - Estoniya, Litva və Latviya da Beynəlxalq Olimpiya Komitəsini (BOK) Ukraynadakı müharibə ilə əlaqədar Rusiya və Belarus idmançılarını Olimpiadaya buraxmamağa çağırmışdı. 

Beynəlxalq Olimpiya Komitəsi rus və belarus idmançılarının 2024-cü il Yay Olimpiya Oyunlarında "neytral idmançı" adı ilə iştirak etməsi üçün "yollar axtaracağ"ını açıqlamışdı. Komitənin bəyanatlarını isə Ukrayna Atletika Federasiyası kəskin şəkildə pisləmiş və bunun "müharibənin davamı" anamında olduğunu açıqlamışdı.

Səbuhi Həsənov