
30-a yaxın avtomobilə ziyan vurulub, şüşələri sındırılıb, təkərləri deşilib
Azərbaycan-Rusiya sərhədində yerləşən Samur ğömrük-keçid məntəqəsində növbəsi yaranan yük avtomaşınlarının sayı 100-ə çatıb. İstiPress-in şimal bürosunun məlumatına görə, 100-ə yaxın yük avtomobilinin isə neytral zonada, Dağıstan Respublikasının Yaraq Qazmalar keçid məntəqəsinin Azərbaycan tərəfdən girəcəyində və çıxışında olduğu deyilir. Ölkəsində yol vergilərinin artırılmasına etiraz edən Rusiya sürücülərinin etiraz aksiyası Azərbaycandan Rusiyaya keçən hər növ yük dolu avtomobillərin böyük tıxacını yaradıb. Rusiya tərəfdə Azərbaycan maşınlarının yandırıldığı, yararsız hala salındığı barədə də məlumatlar var.
Son günlərdə 30-a yaxın avtomobilə ziyan vurulub, şüşələri sındırılıb, təkərləri deşilib. "Samur" gömrük-buraxılış məntəqəsində gözləyən bir neçə sürücü avtomobildən düşürülərək vəhşicəsinə döyülüb. Hazırda döyülən sürücülər Dağıstanda xəstəxanadadır. Bir nəfərin isə yük maşınını yandırıblar.
Azərbaycan tərəfdən Rusiyaya kənd təsərrüfatı məhsulları aparan sürücülər və iş adamları mallarının xarab olmalarından, ləngimələrindən narahatdırlar.
Dövlət Gömrük Komitəsi də bu barədə məlumatlıdır və növbələrin azalması üçün rusiyalı gömrükçülərlə müzakirələr aparılır. Xaçmaz gömrük idarəsindən İstiPress-in şimal bürosuna belə deyiblər. Dağıstanda bahalaşmaya etiraz edən yük avtomobili sürücülərinin aksiyası davam edir.
Qaynar.Az

