
“Formula-1” yarışlarını izləmək üçün Rusiyadan Azərbaycana 3,5 min azarkeş gələcək.
Qaynarinfo.az xəbər verir ki, bu barədə "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin başçısı Arif Rəhimov bildirib.
Onun sözlərinə görə, indiyədək Rusiya vətəndaşlarına 2500 bilet satılıb: “Hesab edirik ki, yaxın vaxtlarda ruslar daha 1000 bilet alacaqlar. Biletlərin demək olar ki, çox hissəsi satılıb və gələn həftəyə qədər yerdə qalanların tam satılmasını gözləyirik. Tribunada biletin ən ucuz qiyməti 200 dollardır, yarışları ayaq üstündə izləmək isə 90 dollar təşkil edir”.
A.Rəhimovun fikrincə, ola bilsin ki, “Formula-1” yarışları Bakıda gecə vaxtı keçirilsin: “Yarışların gecə keçirilməsi müzakirə olunub. Bunu dostlar və azarkeşlər təklif edib. Amma gecə vaxtı yarış olsa, əlavə xərc də olacaq. Bunun üçün hər dəfə trassı yenidən bərpa etmək lazımdır, bu isə çox çətindir və ilk il üçün suallar kifayət qədər çoxdur. Əgər bu dəfə alınsa, ola bilsin gecə yarışını da keçirdik. Şəhərdə işıqlandırma sistemi əladır. Bu alınsa, çox gözəl görünəcək”.
Qeyd edək ki, “Formula-1” çempionatının təqviminə görə, hazırda Sinqapurda və Bəhreyndə yarışlar gecə keçirilir.
Qaynarinfo.az