Rusiyalı gimnast İvan Kuliakın Dohada keçirilən "Apparatus World Cup" yarışının finalında ukraynalı rəqibi İlliya Kovtun ilə yanaşı sinəsinə milli döyüş simvolu taxması ilə bağlı araşdırmalara başlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” məlumat yayıb. Kuliak dünya kubokunun finalında bürünc medal qazandıqdan sonra sinəsinə "Z” hərfi yapışdıraraq qızıl medal qazanan ukraynalı rəqibinin yanında podiuma yüksəlib.
Beynəlxalq Gimnastika Federasiyası (FIG) bu hərəkətinə görə rus idmançının "müharibə tərəfdarı davranışı"na görə intizam araşdırmasına başladığını açıqlayıb.
'Z' hərfi Rusiyanın Ukraynaya hücumu zamanı istifadə etdiyi simvolik işarədir. Sözügedən hərf Ukraynaya hücum edən Rusiya tanklarının və hərbi maşınlarının üzərində yazılır. Müharibə tərəfdarı olan siyasətçilərin də bu hərfin yazıldığı paltarlar geyindiyi bildirilir.
Rusiya və Belarus gimnastları müharibə səbəbindən sonuncu dəfə beynəlxalq yarışda iştirak edib. Beynəlxalq Gimnastika Federasiyası həmin ölkələrdən olan idmançılarının rəsmi beynəlxalq yarışlarında iştirakına icazə verilməyəcəyini təsdiqləyib.
Səbuhi Həsənov