Mənim üçün gündəmin mövzusu Rusiyadır. Adətən biz son vaxtlar həm mavi ekranlardan, həm də ayrı-ayrı mətbu orqanlardan gündəmin əsas müzakirə mövzusunun Suriya olduğu haqda tez-tez eşidir, görür və oxuyuruq. Amma mən Rusiya ilə bağlı, daha dəqiq desək, onun bizim Azərbaycanla bağlı ilişkiləri haqqında bəzi məqamları sizinlə bölüşmək istərdim. Buna çox ciddi əsaslar var. İndi mən bəzi faktları sadalayacam ki, siz də bu qədər hadisələrin təsadüf olmadığını görə biləsiniz.
Deməli, aprelin 25-də, Ağdam rayonunun Mərzili kəndi istiqamətində diqqətimizi çəkən çox maraqlı bir hadisə baş veribmiş. Azərbaycan snayperlərinin sərrast atəşi nəticəsində Dağlıq Qarabağda erməni snayperlərini və diversiya qruplarını hazırlayan Bolotnikov soyadlı rus hərbçisi ağır yaralandı. Bu xəbər ildırım sürəti ilə gündəmi dəyişdi. Prinsip etibarı ilə biz belə faktların olması haqda dəfələrlə söyləsək də, yazsaq da, bunu konkret faktlarla sübut etmək bir qədər çətin olurdu. Amma bu gün ortada tutarlı fakt var. Yəni ortalıqda rusların Bolotnikov soyadlı vətəndaşının adı keçir və xəbər bu sətirlər qələmə alındığı ana qədər Rusiya Federasiyasının rəsmi dairələri tərəfindən hələ də təkzib olunmayıb.
Görünür, deyilənlər və yazılanlar çox ciddi olduğundan ruslar bu xoşagəlməz hadisənin tezliklə unudulmasını istəyirlər. Lakin ox öz yayından çıxdığına görə, bu açıq faktı gizlətmək mümkünsüzdür. Hələ sonradan aparılan araşdırmalar və dəqiqləşdirmələr zamanı bu rus zabitin uzun müddətdən bəri Qarabağda olması faktları məlum oldu. Onun, yəqin ki, kifayət qədər böyük pullar hesabına erməni snayperlərinə təlimlər keçdiyi, həmçinin onun tərəfindən ordumuzun bir neçə hərbçisinin də vurulduğu bildirildi.
Bizə məlum olan hallardan biri də o oldu ki, bu rus muzdlusu Qarabağdakı şücaətlərinə və fəaliyyətlərinə görə Ermənistanın əli qana bulaşmış müdafiə naziri Seyran Ohanyan tərəfindən dəfələrlə mükafatlandırılıb. İndi bizim bəzi həmkarlarımız nədənsə qeyd edirlər ki, bu, son illər ərzində işğal altındakı Azərbaycan ərazilərində, cəbhə xəttində zərərsizləşdirilmiş, Ermənistan ordusu sıralarında döyüşən ilk rus hərbçisidir. Böyük ehtimalla, söhbət məhz atəşkəs dövründə - 1994-cü ilin mayın 12-dən bu yana olan müddətdən gedir. Çünki bundan əvvəl 1992 - 1994-cü illərdə - I Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun və Dağlıq Qarabağdakı silahlı qrupların hazırlanmasında, o cümlədən bizim ərazilərimizin işğalında birbaşa iştirak edən xeyli sayda rus hərbçisi həm məhv edilmiş, həm də aralarından əsir düşəni olmuşdu. Rusların 366-cı motoatıcı alayının Xocalıda törətdikləri vəhşilik və insanlıq dramı hər bir Azərbaycan vətəndaşının yaddaşlarına ömürlərinin sonuna kimi unudulmayacaq.
Yeri gəlmişkən, onu da qeyd edim ki, bizim hərbçilərimiz də rus-erməni “qardaşlığını” cavabsız qoymurlar. Təkcə aprel ayı ərzində bizimkilər cəbhə xəttində 8 erməni hərbçisini zərərsizləşdirib. Onlardan 4 nəfərinin öldüyünə dair məlumatlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiqlənib. Bundan əlavə, Tovuz rayonunun Ağdam kəndi istiqamətində ermənilərin bir ədəd «Niva» və bir ədəd ZİL markalı nəqliyyat vasitəsi də sıradan çıxarılıb.
Qayıdaq bu rus hərbçisinin məsələsinə. Gün kimi aydındır ki, bu Bolotnikov hadisəsi aysberqin görünən tərəfidir. Bu gün Ermənistanda və Dağlıq Qarabağda coxlu sayda tərxis olunmuş rus mütəxəssisləri, keçmiş hərbçilər təlim və hazırlıq keçirlər. Bundan əlavə, Rusiya Federal Təhlükəsizlik xidmətinin əməkdaşları da "öz" işlərini görürlər. Son hadisə bir daha bizim diqqətimizi rus-erməni hərbçilərinin birgə planına yönəltməyi vacib sayır. Bu hadisədən bir neçə gün sonra isə rastlaşdığımız daha bir hərbi, siyasi birlik "qardaşlıq” mənzərəsi isə, doğrudan da, vəziyyətin çox ciddi olduğundan xəbər verir.
Rusiyanın yuxarı dairələrinə yaxınlığı ilə seçilən “Regnum” erməni agentliyi Rusiya Silahlı Qüvvələrindəki mənbəyə istinadən xəbər yaydı ki, Ermənistan ərazisindəki 102-ci hərbi bazaya ən yeni silahlar və hərbi texnika gətirilir. Özü də Ermənistandakı Rusiya bazasına ən yeni ağır texnikanın yerləşdirilməsində bəhs edilirdi. Söhbətin “İsgəndər M” raketlərindən getdiyi hamımıza məlum idi. Rusiya hərbi-sənaye kompleksinin ən son yeniliklərindən biri olan bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirməyə və nüvə başlığı daşımağa qadirdi. İndi bu xəbərdən böyük məmnunluq hissi keçirən erməni yazarlar, politexnoloqlar bir qədər də irəli gedərək “İsgəndər M” raketlərinin əsas özəlliyi barədə yazırlar. Belə ki, onlar bu raketlərin xüsusi uçuş trayektoriyasına malik olmasını, həmçinin hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sisteminin, o cümlədən İsrail və ABŞ-ın sərəncamında olan Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin belə onu vura bilməməsini vurğulayırlar.
Əslində isə onların bu iddiaları heç də real mənzərəni özündə əks etdirmir. Qısaca onu qeyd edim ki, müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən “İsgəndər M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. “Stels” texnologiyası ilə hazırlanıb və radarlarla onu müşahidə etmək həddindən çox çətin olur. Yer səthindən cəmi 50 metr hündürlükdə belə uçmağı bacarır. Ermənilərin Ruslardan aldıqları növbəti “Tornado” zenit-raket sistemləri də kifayət qədər ciddi silah növlərindəndir. 2 il bundan öncə ilk dəfə açıq nümayişə təqdim edilib. Bu sistemlər “Qrad” və “Smerç” reaktiv sistemlərini bütün göstəricilər üzrə qabaqlayır. Hədəfi yüksək dəqiqliklə vurur və daha uzaq məsafəyə - 90 kilometrə çatır. Hazırda “Tornado” dünyada bənzəri olmayan dağıdıcı silah növlərindən biridir. Rusiya öz raket qoşunlarını və artelleriya hissələrini də “Tornado” və “İsgəndər-M” kompleksləri ilə gücləndirməyi əsas strategiya kimi müəyyən edib.
Rusların narahatçılığını hardasa başa düşmək olur. Çünki 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya oyunlarının xarici təhlükələrini önləmək üçün Putin komandası təcili tədbirlər görmək fikrindədir. Əslində, rusların hədəfində Gürcüstanın olması, onlardan gələ biləcək təhdid və təhlükələri önləmək üçün atılan addım kimi də bunları başa düşmək olar. Rusiyanı ən çox narahat edən amillərdən biri də NATO-nun yaxın perspektivdə genişlənməsi mənzərəsidir. Halbuki RF-nın atdığı son addımlar Qafqazın təhlükəsizliyi üçün çox böyük narahatçılıqdır. Düşünürəm ki, bu mənzərə yəqin, dünyanın aparıcı güclərini də hərəkətə gəlməyə məcbur edəcək.
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, sabiq dövlət müşaviri Vəfa Quluzadə RF ilə bağlı çox düzgün proqnoz verən şəxslərdən biri, bəlkə də birincisidir. O, çox haqlı olaraq qeyd edir ki, dünyada rusların hərəkətlərini proqnozlaşdırmaq çox çətindir. Atdıqları və ya atacaqları addımlar bəzən adamda az qala şok effekti yaradır. Fikir verin, artıq xeyli müddətdir ki, dünya Suriyada Əsəd rejiminin getməsini israrla tələb edir. Hətta qardaş Türkiyə rəhbərliyi də dəfələrlə bu haqda fikirlər səsləndirib. Amma Rusiya bu məsələdə tamam fərqli mövqe tutub. Hər gün insan ölümləri, hər gün dağıntılar, hər saat faciə... Bütün bunların fonunda isə Rusiya Suriyadakı Tartus hərbi bazasından Aralıq dənizinə çıxışı haqqında düşünür. Və çox narahatdır ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra güc tarazlığı tamamilə dəyişə bilər. Çünki bu baza vasitəsiylə ruslar Suriyaya silah-sursat daşıyır, onların öz xalqına qarşı divan tutmasina şərait yaradırlar.
Mayın sonunda isə Rusiyanın Sakit okean donanmasının böyük desant gəmiləri Tartus limanına daxil olacaq. Bu isə o deməkdir ki, hələ uzun bir müddətdə yazıq suriyalıların qara günləri davam edəcək, minlərlə insan Əsəd özbaşınalığının qurbanı olacaq. Son günlər verilən xəbərlərdə isə daha bir “rus barmağı”nın görünməsi anlaşılır. Rusiya Suriyaya “S-300”ləri göndərmək istəyir. Dünyanın İsrail kimi ölkəsinin baş naziri Netanyahu RF-nın rəhbəri Vladimir Putinlə telefon danışığında bu məsələni müzakirə etsə də, “İvan dayı” öz bildiyini etməkdə israrlıdır.
Qayıdaq öz regionumuza. 2013-cü ildən Rusiyanın Cənub forpostu özünün son rolunu oynamağa başlayıb. Artıq Ermənistanın Gümrü şəhərində məskunlaşmış 102-ci rus hərbi bazası, demək olar ki, respublikanın bütün ərazisinə nəzarət etməyə başlayıb. Əvvəllər ancaq Gümrü şəhərində yerləşən hərbi baza hazırda hərbi-texniki birləşmələrini və hərbi qulluqçularının sayını artırmaqla yanaşı, ərazisini də genişləndirərək əhatə dairəsinin bütün Ermənistana yayılmasına nail olub. Hətta 20 illik fasilədən sonra, 2012-ci ildən başlayaraq rus desant qüvvələri və xüsusi kəşfiyyat bölmələri Lori vilayətinin Pəmbək bölgəsi yaxınlığında yerləşən “Dağlıq” təlim-tədris mərkəzindən də istifadə etməyə başlayıblar.
Sonda onu qeyd edim ki, iki ölkə arasındakı son hadisələr, münasibətlərin soyuması ona gətirib çıxarıb ki, sabah (mayın-20-də. Ü.C). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfərə yollanır. İki gün davam edəcək səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulur. Nazirlər ikitərəfli münasibətlərin, beynəlxalq və regional problemlərin geniş spektrini əhatə edən məsələləri müzakirə edəcəklər. E.Məmmədyarovun Rusiya paytaxtında aparacağı danışıqların əsas mövzusunun Dağlıq Qarabağ münaqişəsi olması bildirilsə də, əslində, ortada olan soyuq münasibətləri yaxşılaşdırmaq üçün yolların aranması imkanlarının müzakirə ediləcəyi şübhəsizdir.