Dünya 18:11 24.01.2023

Rusiyanın gücü tükənir: Qarşıdakı  həftələr savaşın taleyini həll edəcək (ŞƏRH)

Avropa Şurasının prezidenti Şarl Mişel Ukraynadakı münaqişə üçün yaxın iki-üç həftənin həlledici olacağını deyib. Siyasətçi bu barədə İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib. Mişelin sözlərinə görə, Ukraynada hadisələrin sonrakı inkişafı bu müddət ərzində müəyyənləşəcək: "Növbəti 2-3 həftə münaqişə və sülh üçün həlledicidir. 2023-cü ildə baş verənlər və çox şey qarşıdakı həftələrdən asılıdır, bizim gələcəyimizi müəyyən edəcək".

Buna görə də Avropa Şurasının rəhbəri Ukraynaya dəstəyi davam etdirməyə və bütün lazımi yardımı göstərməyə çağırıb. 

Qeyd edək ki, son günlər cəbhədə müəyyən sakitlik hökm sürür. Ukraynanın uğurlu Xerson əməliyyatından sonra tərəflərdən heç biri ötən müddət ərzində hər hansı bir real irəliləyişə nail olmayıb. Bir müddətdir ki, tərəflər eyni mövqedə qalmaqda davam edirlər.
 
Düzdür, son zamanlar Rusiyanın müəyyən qədər aktivləşdiyi hiss olunur. Onlar Baxmut ətrafında hücumlarını hələlik uğursuz olsa da, davam etdirir. Soledar isə artıq rus qoşunları tərəfindən tutulub. Bütün bunlar Ukraynadakı rus ordusunun rəhbərliyinə Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun gətirilməsindən sonra daha da intensivləşib. Bu fonda fikirlər səslənir ki, Rusiya hücumlarını daha da aktivləşdirib, Ukraynanın daha da içərilərinə daxil olmağa çalışır. Ukraynadakı infrastrukturun raketlərlə vurularaq sıradan çıxarılması taktikası da buna hesablanmış addımdır.
 
Belə vəziyyətdə, son dövrlər Ukraynaya Qərbin silah tədarükünün də artdığı göz önündədir. Bu yaxınlara qədər əsas dağıdıcı silahları Kiyevə verməkdə tərəddüd edən dövlətlərin bir çoxu artıq həmin silahları verməyə başlayıb. Lakin bu məsələdə NATO dövlətləri arasında belə hələlik fikir birliyi yoxdur. Almaniya "Leopard 2” tanklarını Kiyevə verməyə tələsmir. Hətta belə görünür, belə bir niyyəti də yoxdur. Halbuki, indiki mərhələdə rus hücumunu dəf etmək və Ukrayna Ordusunun yenidən irəliləməsinə şərait yaratmaq üçün Kiyevin daha böyük həcmdə həmin silah və hərbi texnikaya ciddi ehtiyacı var.
 
Bu baxımdan, Avropa Şurasının prezidentinin Ukraynadakı münaqişədə yaxın iki-üç həftənin həlledici olacağı barədə açıqlaması da güman ki, Kiyevə silah tədürükündə tərəddüd edən Almaniya kimi ölkələrə yönəlib. Yəni, Almaniyanı bu məsələdə inadından döndərmək üçün bir tərəfdən ABŞ-ın timsalında ona müəyyən təzyiqlər edilir, digər tərəfdən də yaxın 2-3 həftənin həlledici olacağını bəyan etməklə Aİ tərəfindən Berlinə çatdırılır ki, sözügedən tanklarla bağlı tutduğu mövqeyindən əl çəkərək, onların Ukraynaya verilməsini sürətləndirsin. Yəni, Şarl Mişel yuxarıda qeyd edilən açıqlaması ilə bildirmək istəyib ki, lazım olan bütün silahlar vaxtında çatdırılsa, yaxın bir neçə həftə Kiyev üçün həlledici olacaq. Hadisələrin sonrakı inkişafı da məhz bu prosesdən asılı olacaq. 
 
Rüfət Sultan