Yaponiya parlamenti ölkənin baş naziri vəzifəsinə Şiqeru İşibanın namizədliyini təsdiqləyib.
Bu barədə Qaynarinfo "Associated Press”ə istinadən xəbər
verir.
Bundan əvvəl, sentyabrın 27-də o, hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilib.
İşibanın bu gün, oktyabrın 1-də yeni kabinetin tərkibini açıqlayacağı, həmçinin parlament seçkilərini oktyabrın 27-nə təyin edəcəyi planlaşdırılır.
2022-ci ildə Şiqeru İşiba Yaponiya parlamentinin aşağı palatasının 383 digər üzvü ilə birlikdə Yaponiyanın sanksiyalarına cavab olaraq Rusiya hakimiyyəti tərəfindən sanksiya siyahısına əlavə edilib. Onun Rusiyaya girişi qadağan edilib.
Seçki kampaniyası zamanı Şigeru İşiba Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi potensialının inkişaf etdirilməsi zərurətindən danışıb və NATO-nun Asiya versiyasının yaradılmasının tərəfdarı olub. İşibanın fikrincə, Tokio və Vaşinqton bərabərhüquqlu ittifaq yaratmalı, o cümlədən Yaponiyadakı Amerika bazalarının birgə idarə olunması, eləcə də ABŞ-da yapon bazalarının yaradılması daxildir.
2021-ci ilin oktyabrından Yaponiya hökumətinə rəhbərlik edən keçmiş baş nazir və Liberal Demokrat Partiyasının rəhbəri Fumio Kişida ötən həftə istefa verib. O, korrupsiya qalmaqalları və rekord aşağı reytinqlər fonunda hazırkı seçkilərdə iştirakdan imtina edib.
67 yaşlı Şigeru İşiba ilk dəfə 1986-cı ildə Yaponiya parlamentinə seçilib. O, daha sonra müdafiə naziri, kənd təsərrüfatı naziri və digər dövlət vəzifələrində çalışıb. Şinzo Abenin baş nazirliyi dövründə o, LDP-nin baş katibi olub.
Nizami Bağırov
Şərhlər